
Hələ 2022-ci ilin fevral ayının sonlarında Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” başlayan Rusiya ilk müqavimətlə üzləşəndən bir gün sonra Avropanın Ukraynaya hərbi dəstək verdiyini elan etmiş və birinci növbədə Polşanın adını çəkmişdi.
Ondan sonra başda RF Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev olmaqla (bu şəxs eks-prezident olduğu halda adi trola çevrilib), digər “Kreml qırğıları” da Polşanın vurulmasını vacib sayır, tez-tez bunu dilə gətirirdilər.
Polşa Ukraynadan daha çox qaçqın qəbul edir, yerləşdirirdi. Eyni zamanda bu ölkənin prezidenti və baş naziri, eləcə də digər nazirləri Ukrayna məsələsində hər zaman qətiyyətli və prinsipial açıqlamalar verirdilər.
Almaniya kimi “Avropa əjdahası” olan dövlətin rəsmilərinin laübalı bəyanatlarının, Rusiyanın açıq aqressiyasına qarşı yumşaq davranışlarının fonunda Polşa rəsmilərinin güzəştsiz mövqeyi bu ölkəni RF-nin “ikibaşlı qartalı”nın hədəfinə çevirirdi.
Kremlin əlində Polşanı vurmaq üçün bəhanə yox idi. Ukraynaya siyasi, maddi, humanitar dəstək verməsi hələ Polşanın müharibəyə qoşulması deyildi və hədəfə alınması üçün əsas vermirdi. Polşa Ukraynaya silah-sursat yardımı etsə də, döyüşən orduya əsgər göndərmirdi.
Bəzən Rusiya rəsmiləri, Duma deputatları, Kreml təbliğatçıları Polşanı şərləməyə çalışır, minlərlə polyakın Ukraynada Rusiyaya qarşı döyüşdüyünü və bundan rəsmi Varşavanın xəbərdar olduğunu iddia edirdilər. Amma bu iddialar təsdiqini tapmırdı.
Bununla belə, Rusiya rəhbərliyinin Ukrayna ilə yanaşı Polşanı da düşmən elan etməsi bir gerçək idi. Hiss olunurdu ki, Rusiya əvvəl-axır hansısa Avropa ölkəsinə, NATO dövlətinə hücum etsə, bu Finlandiya və İsveç, yaxud da Baltikyanı ölkələr olmayacaq, məhz Polşa olacaq.
Ona görə də bu gün səhər Rusiya dronlarının “azıb-təzib” Polşaya girməsi gözlənilən idi və bu, nəhayət, baş verdi.
Bəs bu, nəyin göstəricisidir? Rusiya niyə belə edir, nə demək istəyir?
Bu, ilk növbədə ondan xəbər verir ki, Rusiya heç vəchlə 3 il 8 aydır davam edən “xüsusi hərbi əməliyyat”dan vaz keçmək niyyətində deyil, onu sona çatdırmaq, özü də qələbə ilə bitirmək niyyətindədir. Bu, Rusiya və onun lideri Putin üçün namus-şərəf məsələsinə çevrilib. Rusiya rəhbərliyi bütün federasiyanın gələcəyini, bütövlüyünü qumara qoyub, “va-bank” gedir, “ya hər şey, ya da heç nə” düşüncəsindədir.
İkincisi, Rusiya Polşaya yüngülvarı hücum etməklə NATO-nun nəbzini və beynindəkinin nə olduğunu yoxlamaq istəyir. Əgər NATO bir az boş tərpənsə, uzun-uzadı “baş vermiş hadisənin araşdırılması” ilə məşğul olsa, Rusiyanın ayağı yer alacaq və getdikcə daha bariz şəkildə Qərbin əsəbləri ilə oynamağa başlayacaq.
Üçüncüsü, Rusiya bu addımla onsuz da neçə vaxtdan bəri Moskvanın qarşısında panik durumda olan bəzi Avropa ölkələrini (Almaniya, İsveç, Finlandiya, Baltikyanı ölkələr və s.) qorxudur, onlara özlərini “ağıllı aparmağı” tövsiyə edir.
Ona görə də düşünmək olar ki, Rusiya Polşaya qarşı həmləsi “bir atımlıq barıt” səciyyəlidir və Kreml “xüsusi hərbi əməliyyat” başlatmayacaq. Belə olsa, bu, artıq “ümumi hərbi əməliyyat”, yəni böyük müharibə demək olar və Avropada onsuz da təklənmiş, Asiyada isə yalnız Şimali Koreyanın ümidinə qalmış Rusiyanın halı yaxşı olmaz.
Rusiyanın indiki müharibədə əsas güvənc yeri nüvə silahıdır. Bu dövlətin rəsmiləri və trolları bərkə düşən kimi nüvə silahına istinad edir, bununla da Avropanı şantaja məruz qoyurlar.
Militarist ruslarda belə bir qənaət hasil olub ki, onların dövləti istənilən vaxt Avropanın şəhərlərini vurub darmadağın edə bilərlər. Bəs cavabında ABŞ və Avropanın nüvə dövlətləri Rusiyanın şəhərlərinə nə edərlər – burasını çox az adam düşünür.
Əslində Rusiyanın qorxunc silahları olmasaydı, kollektiv Qərb çox hissəsi Asiyada, az hissəsi Avropada yerləşən və Şərqin despotik ölkələrindən birinə çevrilmiş bu azman ölkənin hesabını çoxdan çəkərdilər. Hər halda Putin Rusiyası hərbi baxımdan nə Napoleon Fransasından, nə də Hitler Almaniyasından güclü deyil, fəqət onun əlində dəhşətli silahlar var və dünyanın qana çalxamaqdan çəkinmək tövrü yoxdur.
Ukraynadakı müharibə ona görə uzanır, Rusiya-Avropa müharibəsi bu üzdən açıq şəkil alır.
Ancaq hər şeyin bir sonu var, Rusiyanın hərbi aqressiyasının da sonu gələcək. Qorxulusu odur ki, bu son çox şeyin, o cümlədən Avropanın təhlükəsizliyinin və rifahının sonu olsun.