
Bu barədə yazan media qurumlarının rəyinə görə, dövlət başçısının təşəbbüsləri, onun gözlənilməz istiqamətlərdəki aktiv fəaliyyəti amerikalıları şoka salıb və onlar artıq növbəti seçkilərdə onu kimin əvəz edə biləcəyi ilə maraqlanırlar.
Sosioloqların bu məsələ ilə bağlı ilk təxminləri belədir ki, respublikaçıların mümkün varisi Ceyms Devid Vens olacaq. Onun hazırda Trampın imicini kopyalayan Kaliforniya qubernatoru, demokrat Qavin Nyusomla rəqabət aparacağı ehtimal edilir. Ancaq indiki prezident Donald Trampın 2028-ci ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyi də ehtimallar arasındadır. O vaxt o, ömrünün 9-cu onilliyini xırdalamış olacaq, səhhəti imkan versə, iddiası onsuz da qədərindən artıqdır.
ABŞ permanent seçkilər ölkəsidir. Bir seçki kampaniyası bitən kimi siyasətçilər və onların seçiciləri digəri haqqında düşünməyə başlayırlar.
ABŞ-də prezident seçkilərinə hazırlıq adətən fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin bitməsinə iki il qalmış başlanır. Trampın dönəmində buna 3 il 8 ay qalmış başlanması göstərir ki, həmin qaydalar bir qədər dəyişib. Artıq ölkədə sosioloji sorğular aparılır və milyonlarla amerikalı Ağ Evdə nə vaxt daha az ekstravaqant birinin peyda olacağı barədə düşünür.
Trampın son qərarlarını xatırlamaq kifayətdir ki, onun öz 40-dan artıq sələfindən nə qədər fərqli biri olduğuna əminlik yaransın. Onun təkcə Pentaqonun - Müdafiə Nazirliyinin adını dəyişərək, Müharibə Departamenti adlandırması, cinayətkarlıqla və qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün Çikaqoya qoşun göndərməklə hədələməsi Eyzenhauerlər, Kennedilr, Reyqanlar, Buşlar, Obamalar görmüş amerikalıları əndişələndirir. Dünyanın, demək olar ki, heç bir ölkəsində Müharibə Nazirliyi yoxdur, hamısında Müdafiə Nazirliyidir. Hərçənd keçmiş dönəmlərdə bir çox ölkələrdə “hərbi nazirlik” adlanan qurumlar olub.
Trampın varisini müəyyən etməyə çalışan sosioloqlar milli sorğulardan daha etibarlı hesab etdikləri mənbəyə - Nyu-Hempşir ştatının sakinlərinin rəyinə müraciət ediblər. Praymerizlər adətən oradan başlayır. Bu ştatda hansı namizəd rəqiblərini üstələyirsə, seçki finalçısı olur. Bu, respublikaçıların da seçiminə aiddir, demokratların da.
2024-cü ildə Nyu-Hempşir seçiciləri respublikaçıların namizədinin Tramp olacağını düzgün təxmin etdilər. Praymerizdə məhz o, qalib gəldi və o, prezidentliyə namizəd oldu. Ancaq prezident seçkilərinin özündə yerli seçicilərin intuisiyası onları aldatdı. Onların əksəriyyəti Kamala Harrisə səs vermiş, onun prezident seçiləcəyini proqnozlaşdırmışdı, bilindiyi kimi, elə olmadı.
Sent-Anselm kollecinin sosioloqlarının araşdırmasına görə, Vens böyük fərqlə Nyu-Hempşir respublikaçılarının sevimlisidir. Partiyadaşlarının 56%-i onu dəstəkləməyə hazırdır. Başqa heç bir respublikaçı onun reytinqinə yaxın gəlmir. İkinci yerdə qərar tutan Florida qubernatoru Ron DeSantisin 8 faiz dəstəyi var. Dövlət katibi Marko Rubio, Trampın keçən ilki partiyadaxili seçkilərdəki rəqibləri Vivek Ramasvami və Nikki Heyli kimi digər tanınmış respublikaçılar daha da az dəstək alırlar. Vens gəncdir, 41 yaşı var, amerikalıların ard-arda iki 80 yaşlı prezidentdən sonra daha cavan birinin dövlət başına gəlməsinə tərəfdar çıxacağı gözləniləndir. Üstəlik, o, şefi Tramp kimi media məkanında fəaldır, populistdir, özünə indiki prezidentin təkmilləşmiş nüsxəsi kimi reputasiya qazanmaqdadır.
Demokratlar üçün vəziyyət daha mürəkkəbdir. Sent Anselm kollecinin sorğusuna əsasən, Nyu-Hempşir sakinləri qarşıdan gələn praymerizlərin açıq-aydın autsayderinin – Kamala Harrisin də adını çəkiblər. O, 6% səslə ilk beşliyə düşməyə namizəddir. Onun qarşısında Amerikanın ən populyar ultra-solçu siyasətçisi, radikalizminə görə milli seçkilərdə qalib gələ biləcəyi böyük şübhə altında olan konqresmen Aleksandriya Okasio-Kortez və İllinoys ştatının qubernatoru C. Robert Pritzker dayanır. Onlar müvafiq olaraq 8 və 9 faiz dəstəyə malikdirlər.
Pritzkerin adı Trampla çəkişmələrinə görə çox hallanıb.
Demokratların ümidlə baxdığı daha iki siyasətçi var. Onlardan biri Bayden administrasiyasında nəqliyyat naziri olmuş Pete Buttecac, digəri Qavin Nyusomdur. Bu şəxslərin hər birinin 23% dəstəyi var. Ancaq indilikdə Kaliforniya qubernatoru rəqibindən daha perspektivli görünür. Sentyabrın 4-də dərc olunan YouGov sorğusuna əsasən, demokrat seçicilərin 21%-i Nyusomu, 10 faizi isə Buttecacı dəstəkləyir.
Beləliklə, bu nəticəyə gəlmək olar ki, hələlik demokratların vahid namizədi yoxdur.
Sosioloji məlumatlardan başqa, daha bir təkzibedilməz nəticə odur ki, amerikalılar Trampın üçüncü müddətə seçilməsini istəmirlər. O, vaxtilə konstitusiyadan yan keçərək 2028-ci ildə yenidən namizədliyini irəli sürə biləcəyinə eyham vurub. “Data for Progress” analitik mərkəzinin keçirdiyi son sorğuya əsasən, amerikalıların 69%-i hesab edir ki, Tramp növbəti seçkilərdə namizədliyini irəli sürməməlidir. Heç bir partiyanı dəstəkləməyən müstəqil seçicilər onun namizəd olmasının qəti əleyhinədirlər.
Respublikaçılar 52%-i istənilən prezidentin cəmi iki müddət hakimiyyətdə olmasının tərəfdarıdır. Digər tərəfdən, respublikaçıların 53%-i Trampın yenidən seçilməsini dəstəkləyir.
Başqa sözlə, onların mövqeyi belədir: konstitusiyanı pozmaq, əlbəttə ki, düzgün deyil, amma Tramp kimi gözəl bir insan üçün eybi yoxdur.