
30 il düşmən tapdağı altında qalan Laçın şəhərimizdə yeni nəfəs duyulmaqdadır. İllərdir, torpaqlarımız həsrətlə öz xalqının geri dönüb onları qurtarması gözləyirmiş sanki. Müzəffər Ali Baş komandan İlham Əliyev cənablarının başçılığı altında əzmkar, mübariz ordumuz 44 gün mübarizə apararaq bu həsətə son qoymuşdur.
Prezidentimiz daim quruculuq işləri apararaq ölkəmizin çiçəklənməsinə müvəffəq olmuşdur. İndi isə çiçəklənmək növbəsi tapdaqdan qurtularaq yeni nəfəs qazanan torpaqlarımızdadır.
Tarixi torpaqlarımızı 30 il işğal altında saxlayan ermənilər, digər ərazilərimizdə olduğu kimi, Laçında da vandalizm əməllərinə əl ataraq rayonu xarabazarlığa çeviriblər, Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsi tamamilə məhv ediblər. Erməni vəhşiləri bu bölgəmizdə də ekoloji terror törədərək çayları, bulaqları qurudublar, ağacları kəsiblər, yanğınlar törədiblər, bir sözlə, bir həyat nişanəsinin belə qalmamasına çalışıblar. Şanlı Vətən savaşımız bitdikdən dərhal sonra Azərbaycan dövləti tərəfindən vandal düşmənin vəhşicəsinə dağıtdığı yurdlarımız sürətlə dirçəldilir, onlara yeni nəfəs verilir. Yollar çəkilir, tunellər inşa olunur, hava limanları tikilir, hərtərəfli infrastruktur qurulur, qədim şəhərlərimiz yenidən dirçəldilir, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası həyata keçirilir, tarixi, mədəni, dini abidələrimiz bərpa olunur.
Azad olunmuş digər ərazilərimiz kimi, bu gün Laçın da dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq.
Laçın şəhərinin içməli su ilə təchiz olunması üçün 9 su anbarı, yağış sularının toplanması üçün 3 anbar və təmizləyici qurğunun tikintisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq cənab prezident İlham Əliyev Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam da imzalayıb.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaq. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük. Hələ önümüzdə gündən-günə çiçəklənən, inkişaf edən, etməkdə olan bir ölkənin tarixi dövrünü qürur, fərəh, fəxr hissi ilə bütün dünyaya seyr etdirəcəyimiz böyük zaman çərçivələri var.
Böyük Qayıdış proqramı çərçivəsində Laçın və digər azad edilmiş ərazilərdə müasir yaşayış kompleksləri inşa olunur, kənd təsərrüfatı və sənaye sahələri dirçəldilir, əhalinin təhlükəsiz və rahat şəkildə məskunlaşması üçün bütün şərait yaradılır.
26 avqust — Laçın Şəhəri Günü — xalqımızın gücünün, dövlətimizin qüdrətinin, Ordumuzun şücaətinin və Prezidentimizin müdrik siyasətinin bariz göstəricisidir.
Zülfüqar Cəfərov – YAP Sabunçu rayon təşkilatının sədr müavini