Laçın rayonu Azərbaycanın digər bölgələri kimi inkişaf və çiçəklənmə dövrünü yaşayır

Laçın rayonu Azərbaycanın digər bölgələri kimi inkişaf və çiçəklənmə dövrünü yaşayır

30 ildən artıq içimizi göynədən vətən həsrəti 44 günlük müharibədə əldə etdiyimiz qələbə nəticəsində 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonunun Azərbaycana təhvil verilməsi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə başa çatdı. Ali Baş Komandan rəhbərliyində şanlı Azərbaycan ordusu erməni qoşunlarını darmadağın edərək yerdə qalan tör-töküntülərini bu ərazilərdən birdəfəlik olaraq çıxartmağa nail oldu. Göstərdikləri şücaət və qəhrəmanlıq ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Laçın rayonu Azərbaycanın digər bölgələri kimi inkişaf və çiçəklənmə dövrünü yaşayır. Bu ərazidə əhalinin elektrik enerjisinə təlabatını ödəyəcək bir neçə elektrik stansiyası işə salınıb. Müasir yol infrastrukturu inşa edilir. Tunel və körpülər tikilməkdədir. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq əsas amillərdən biri olacaqdır. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hava limanı postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri kimi strateji təyinatı olmaqla yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına imkan verəcək. Hal-hazırda Laçın rayonu ərazisində geniş tikinti quruculuq işləri davam etdirilir. İşğaldan azad olunduqdan sonra Laçında 700-dən artıq bina inşa edilib, Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası aparılır. Laçında həmçinin hotel və mehmanxana kompleksi inşası davam etdirilir. İstehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə Laçın rayonunun sənaye zonasında mebel fabriki yaradılır. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcəkdir.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki, Həkəri çayında yaradılan astana və göl ilə yanaşı şəhərin giriş hissəsində salınan çaykənarı bulvar turistlərin rahatlığına xidmət edəcəkdir.
2023-cü ilin 28 may tarixində, Müstəqillik Günündə laçınlıların doğma torpaqlarına qayıdışına start verilib. Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşma üçün bütün şərait yaradılıb. Qısa müddət ərzində Dövlət Proqramına əsasında Laçın şəhərində 534 ailə olmaqla təqribən 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Laçın şəhəri ilə yanaşı rayonun ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 217 ailə olmaqla 823 nəfərin daimi məskunlaşması həyata keçirilib.
Ali Baş Komandan İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edərək bir sıra yeni təməlqoyma və açılış mərasimlərində iştirak edib. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Laçın şəhərinin azad edilməsi günü ilə əlaqədar ölkəmizdə xüsusi tədbirlər keçirilir, rəsmi mərasimlər təşkil olunur.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Ruhanə Yaqubova


Oxşar xəbərlər