Ulu öndər Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib

Ulu öndər Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu öndər sovetlər hakimiyyəti dövründə də Azərbaycan dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. Ali məktəblər üçün yazılmış "Müasir Azərbaycan dili" dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi. O zaman sovetlərin tərkibində olan türk dövlətlərinin mərkəzi şəhərlərində demək olar ki, ana dilində məktəb yox idi. Amma Azərbaycanda rus dilinin təzyiqi ana dilimizi sıxışdırıb çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə Ümummilli lider deyirik ki, O, yalnız dövləti yox, milləti birləşdirəcək bütün dəyərləri qoruyub mühafizə edirdi və onların inkişafı üçün proqramlar müəyyənləşdirirdi. Bunların ən mühümlərindən biri də dil məsələsi idi.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Qeyd edim ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edildi. 2001-ci ilin iyul ayında Ulu öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Eyni zamanda, o zaman Dil Şurası da yaradıldı. Bunu ardınca isə 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günü təsis olundu. Ümumiyyətlə, dünyanın böyük liderləri içərisində, o cümlədən türk dünyasında Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri

Oxşar xəbərlər