
Rəsmi Ankaranın Rusiya-Ukrayna danışıqlarında ciddi səylər göstərdiyi bir vaxtda “Qazprom”un Türkiyədə qazpaylayıcı qovşaq yaratmaq planlarından imtina etməsi haqlı suallar doğurub. Türkiyə qovşağının (habının) yaradılması ideyası ildə 55 milyard kubmetr gücündə, Rusiya, İran və Azərbaycandan Türkiyəyə qaz tədarük edəcək bir mərkəzin formalaşdırılmasını nəzərdə tuturdu.
Rusiya Prezidenti Vladimir Putinin açıq dəstək verdiyi layihəni gözlənilmədən dayandırması haqda “Blomberg” yazıb. Bildirilir ki, “Qazprom” aylarla bu variantları nəzərdən keçirdikdən sonra “şirkət bunun qeyri-praktik variant” olduğu qənaətinə gəldi və əsasən işini dayandırdı.
2022-ci ilin oktyabrında “Şimal axını” və “Şimal axını 2" qaz kəmərlərində qazın birbaşa Avropaya çatdırılmasını mümkünsüz edən partlayışlardan sonra bu təkliflə çıxış edib. Ankaranın müsbət qarşıladığı təklifin layihə formasına gətirilməsi üçün işlər başlanıb. 2023-cü ilin aprelində Türkiyə qanunvericiliyinə habın fəaliyyəti üçün zəruri olan dəyişikliklər edilib. Yayda isə Rusiyanın "Qazprom" şirkəti qaz habı layihəsinə dair yol xəritəsini Türkiyə tərəfinə təqdim edib. Bildirilirdi ki, Rusiya əsas təchizatçı imkanından istifadə etməklə qaz habında rəhbərliyə, baş nəzarətçi roluna iddialıdır. Türkiyə isə öz ərazisində yaradılacaq strateji əhəmiyyətli platformaya özü nəzarət və rəhbərlik etmək niyyətindədir. Bundan əlavə, tərəflər arasında ciddi müzakirə olunan daha bir məsələ kimi layihənin maliyyələşdirilməsi önə çəkilirdi. Rusiya rəhbərlik və nəzarət imkanı olmasa layihənin icrasına vəsait yatırmaq istəmirdi, Türkiyə isə layihənin yükünü təkbaşına çəkmək imkanında deyildi. Mənbələr qeyd edirlər ki, Türkiyə mərkəzli qaz qovşağı yaratmaq ideyası “Qazprom”dan deyil, Kremlə yaxın siyasi dairələrdə yarana bilərdi. Bir mənbəyə görə, şirkət rəhbərləri əvvəlcə Putinin bu təklifini eşidəndə təəccübləniblər. Təklif öz qiymət indeksi ilə regional qaz ticarət mərkəzi olmaq istəyən Türkiyədə də dəstək qazanıb. Amma şirkətdəki bəziləri türk planının işə yarayacağına əvvəldən şübhə ilə yanaşırdılar.
Yada salaq ki, Türkiyədən Avropaya qaz ötürən iki xətt var: ""Türk axını" və Cənub Qaz Dəhlizinin Avropa komponenti olan TAP. Bundan əlavə, əvvəllər Rusiya qazını Balkanlardan Türkiyəyə çatdıran Trans-Balkan qaz kəmərinin işə salınması da mümkün idi ki, ildə 8-10 milyard kubmetr qazın Avropaya ötürülməsinə imkan verərdi. Rusiya mediasının bu qərara reaksiyası da maraq doğurur. Bəzi media orqanları iddia edirlər ki, guya Ankara Rusiyanın düşdüyü vəziyyətdən istifadə edərək habın yaradılmasında əsas nəzarətçi olmaq istəyir. Bunu az qala “Rusiyaya kələk gəlmək” kimi izah edirlər. Mediada o da yazılır ki, ola bilsin, Kreml amerikalılarla danışıqlardan sonra belə bir qərar verib. Bu o deməkdir ki, ABŞ Rusiya qazının Avropaya getməsini istəyir, lakin onların nəzarəti altında... O da mümkündür ki, Kreml bu qaz habının Türkiyənin həm regionda, həm də dünyada rolunun daha da artmasında narahat olduğu üçün bu layihədən vaz keçdi... Amma bunu niyə növbəti İstanbul danışıqlarının gündəmdə olduğu vaxtda tirajlanması da diqqət çəkir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin qaz habına çevrilməsi həm Türkiyə, həm də Rusiya üçün çox əhəmiyyətli layihədir: “Bu, Rusiya qazının Avropa bazarına çatdırılması üçün çox vacibdir. Çünki "Şimal axını" və “Şimal axını-2”nin dayanmasından sonra Rusiya qazının Avropaya çatdırılması üçün Türkiyə üzərindən istifadə olunur. Türkiyənin qaz habına çevrilməsi Rusiyanın ixrac imkanını artırır. Amma indi “Qazprom”un Türkiyənin qaz qovşağına çevrilməsinin qeyri-praktik variant olduğu qənaətinə gəldiyini və işini dayandırdığını bildirir".
Deputat hesab edir ki, layihənin dayandırılmasının iki səbəbi ola bilər: “Birinci səbəbin Rusiyanın əlavə investisiyalar yatırmağa maliyyə imkanlarının məhdudlaşması ilə bağlı olduğunu hesab edirəm. Çünki üç ildən çox çəkən və sonu görünməyən Rusiya- Ukrayna müharibəsi böyük maliyyə resursları hesabına davam etdirilir. Həm də müharibə ilə bağlı Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiyanın gəlirlərini kifayət qədər azaldıb. Bu baxımdan bu gün Rusiyanın yeni beynəlxalq layihələrə investisiyaların yatırılması üçün iqtisadi imkanları məhdudlaşdığından Türkiyənin qaz habına çevrilməsi layihəsini dayandırmaq məcburiyyətdə qala bilər.
İkinci səbəb isə qaz habına çevrilməsi Türkiyənin həm də siyasi təsir imkanlarını gücləndirəcəkdi. Rusiya isə Türkiyənin siyasi və iqtisadi imkanlarının çox güclənməsini istəmir. Bu baxımdan qeyd etdiyim iki səbəb Türkiyənin qaz habı layihəsinin dayanmasının əsasında durduğunu hesab edirəm".
Siyasi təhlilçi Sona Əliyevanın fikrincə, Rusiya bu qovşağa “yox” deməklə Rumıniya qarşısında “yaşıl işıq” yandırdı: ""Qazprom" Kremlin əsas təzyiq rıçaqlarından biri olsa da, şirkətin beyin mərkəzi bir sıra hallarda ölkə rəhbərliyi ilə fikir toqquşması yaşaya bilir. Rəsmi Moskva qardaş ölkədəki habın maliyyələşdirilməsi təklifini səsləndirərkən bir çox nüansa ümid edirdi. Birincisi, bunu Türkiyə üzərindən Qərbə təzyiq vasitəsi kimi istifadə edəcəkdi. İkincisi, Türkiyənin özünə qarşı iqtisadi təzyiq aləti kimi sınaqdan keçirəcəkdi. Amma Ankara bunu anlayan kimi şərtləri öz xeyrinə dəyişməyi bacardı. Habın iş konsepsiyasını tamamilə öz nəzarəti altına aldı. Hətta Türkiyə qovşağının qısa zamanda fəaliyyətini istəyən bəzi Qərb investorlarını da oyundankənar vəziyyətə saldı. Avropalı investorlar hadisələrin sonrakı gedişində Türkiyənin bu addımını başa düşüb susdular. Amma Rusiya habın yalnız maliyyə donoru kimi görünmək istəmirdi. Qovşağın bütün nəzarət mexanizmini öz əlində cəmləməyi hədəfləmişdi. Ola bilsin ki, Putin ilkin mərhələdə Ərdoğanın hansı reaksiya göstərəcəyini təyin etmək üçün belə bir təkliflə çıxış etmişdi. İstənilən halda, Ankara bu tələyə düşmədi. Üstəlik, Türkiyə qovşağı Rusiya qazının Avropaya nəqli üçün indiki mərhələdə ən sərfəli variant idi. Rusiya bu qovşağa yox deməklə, Balkanlarda və Şərqi Avropadakı qaz dominantlığını Rumıniyaya ötürmüş oldu. Digər tərəfdən, Qərbdəki müəyyən dairələr də Rusiyanı qaz oyunundan sıxışdırıb çıxara bilərdilər. Bu da Ukrayna savaşı fonunda üzü qışa doğru Rusiyaya daha bir soyuq duş effekti verəcək. İndi Rusiyanın qaz habındakı yerini eyni variantla İran doldurmaq istəyir. Amma Tehranın da istəyi gözündə qalacaq. Molla rejimi Qərbə qaz satmaq istəyir, amma bunu Türkiyənin qanadları altında etmək niyyətindən uzaqdır".