
Ramzan Kadırov səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatlar fonunda istefa vermək istədiyini bildirmişdi. Bu isə onun yerinə oğlu Adamı gətirməyə çalışdığı ilə bağlı ehtimalları gücləndirib. Beləliklə, Kadırov atası Əhməd Kadırov tərəfindən əsası qoyulan siyasi dinastiyanı davam etdirmək niyyətindədir.
Qətərin “Al Jazeera” telekanalının məlumatına görə, Ramzan Kadırov may ayında Moskvaya səfər edərək Prezident Vladimir Putinlə görüşüb və rəhbərliyin Adam Kadırova ötürülməsi təklifini irəli sürüb. Lakin bu təklif Kremlin etirazı ilə qarşılanıb.
Praqadakı Karl Universitetinin təhlükəsizlik məsələləri üzrə professoru Emil Aslan bildirib:
“Qərarı verən əsas qüvvə Kreml olaraq qalır və Kreml Adamı istəmir. Onlar Çeçenistanın hələ də Kadırovlar klanının nəzarətində qalmasına qarşı deyillər, lakin onların əsas narahatlığı regionda sabitliyin qorunmasıdır. Adam isə bu sabitliyi təmin edə biləcək səviyyədə deyil.”
Ekspertin fikrincə, daha real ssenari – Adam yetkinlik yaşına çatana qədər Çeçenistana regent rəhbər təyin olunmasıdır. Bu rola ən real namizədlər kimi Adam Delimxanov və Apti Alaudinovun adları çəkilir.
“The Times” qeyd edir ki, Çeçenistanda varislik məsələsi həm Ramzan Kadırov üçün – ailəsinin uzunmüddətli təhlükəsizliyini təmin etmək baxımından, həm də Kreml üçün – region üzərində nəzarəti saxlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.