
Xəyyam müəllimin rəhbərliyi dövründə 248 saylı tam orta məktəb nəinki Bakı şəhərində, ümumilikdə ölkə miqyasında müasir tədris prinsipləri və sosial yanaşması ilə seçilən nüfuzlu təhsil ocaqlarından birinə çevrilmişdir. Onun təhsil sahəsinə baxışı təkcə bilik ötürməkdən ibarət deyil – Xəyyam müəllim üçün təhsil, ilk növbədə insan yetişdirmək, şəxsiyyət formalaşdırmaq deməkdir.
O, məktəbdə fənn kabinetlərinin müasirləşdirilməsi, yeni laboratoriya avadanlıqlarının gətirilməsi, kompüter siniflərinin artırılması və təhsil prosesinə texnoloji yeniliklərin inteqrasiyası üçün əhəmiyyətli təşəbbüslərlə çıxış edib. Onun dəstəyi və təşəbbüsü ilə məktəbdə müəllimlərin ixtisasartırma kurslarına göndərilməsi, yerli və beynəlxalq təcrübələrdən faydalanması təşkil olunub.
Bundan əlavə, məktəb şagirdlərinin müxtəlif olimpiada və müsabiqələrdə iştirakını daim dəstəkləyən Xəyyam Fərəcov, onların intellektual və mənəvi inkişafına xüsusi diqqət yetirir. Şagirdlər mütəmadi olaraq şəhər və respublika səviyyəli yarışlarda yüksək nəticələr əldə edirlər ki, bu da məktəbin pedaqoji heyətinin və onun rəhbərinin əzmkarlığının bariz sübutudur.
Xəyyam müəllim həmçinin vətənpərvər ruhlu və mənəviyyatlı gənclər yetişdirməyə çalışır. Məktəbdə hər zaman vətənpərvərlik tədbirləri, şəhidlərin xatirəsinə həsr olunan layihələr və tarixi günlərə uyğun maarifləndirmə proqramları təşkil olunur. O, şəhid ailələrinin övladlarına xüsusi qayğı ilə yanaşır, məktəbdə onlara psixoloji dəstək, fərdi pedaqoji yanaşma tətbiq olunur. Onun təşəbbüsü ilə şəhidlərə həsr olunan guşələr yaradılıb, məktəbin foyesində Azərbaycanın qəhrəman övladlarının şəkilləri və həyat yolu şagirdlərə örnək olaraq təqdim olunur.
Qurban Bayramı ilə əlaqədar Xəyyam Fərəcov hər il məktəbin müəllim və valideyn kollektivi ilə birgə xeyriyyə tədbirləri keçirir. Bayram günlərində şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə qurban payları çatdırılır, onlarla birgə bayram sevincini bölüşmək ənənəyə çevrilib. Onun sözlərinə görə, “Qurban Bayramı təkcə ət kəsmək yox, ürəkdən qurban olmaq, başqasının dərdinə şərik çıxmaq, paylaşmaq və şəfqətlə yaşamaq bayramıdır.” Bu yanaşma onun rəhbərlik etdiyi məktəbdə sosial həmrəyliyi və mənəvi dəyərləri daha da gücləndirir.
Xəyyam Fərəcov, Prezident İlham Əliyevin təhsilə göstərdiyi xüsusi qayğını dərindən qiymətləndirir və bu siyasəti məktəb səviyyəsində uğurla tətbiq edir. O hesab edir ki, Prezidentin müəyyən etdiyi təhsil strategiyası müasir Azərbaycan gənclərinin dünya ilə rəqabət apara bilən bir gücə çevrilməsi üçün əsas platformadır. Bu baxışla o, məktəbdə rəhbərliyi daim yeniliklərə açıq, islahatlara yönəlik və milli dəyərlərə sadiq şəkildə aparır.
Xəyyam müəllimin müəllim heyəti ilə səmimi münasibəti, valideynlərlə daim təmasda olması və şagirdlərlə dostyana davranışı onu yalnız bir rəhbər kimi deyil, həm də güvənilən və nüfuzlu bir ziyalıya çevirib. Onun rəhbərlik etdiyi məktəb ailə, təhsil və cəmiyyət arasında ideal körpü rolunu oynayır.
Qurban Bayramı münasibətilə Xəyyam Fərəcov bütün xalqımızı səmimi qəlbdən təbrik edərək bildirir:
“Qoy bu müqəddəs bayram hər bir ocağa nur, ruzi və sevinc gətirsin. Uca Yaradanın bizlərə bəxş etdiyi bu mərhəmət bayramı ruhlarımızı saflaşdırsın, dualarımız qəbul olsun. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə daim yanında olduğumuzu bildirirəm. Hər bir qazimizə, əsgərimizə minnətdarıq. Allah vətənimizi və xalqımızı qorusun!”
Bu sözlər, Xəyyam Fərəcovun təkcə məktəb direktoru yox, həm də ali mənəviyyat sahibi bir insan olduğunun sübutudur.