Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir

Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir Azərbaycan xalqı olaraq tarixi gün ərəfəsindəyik. 28 May – Müstəqillik Günü respublikamızın bütün guşələrində böyük təntənə ilə qeyd edilir. Bunun üçün ciddi əsaslar var. Çünki 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsinə böyük xidmətlər idi. İstiqlal arzusu məhv edilə bilməyən Azərbaycan 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etmişdir. Ulu Öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmışdır.
Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Ulu öndərimiz Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Onun qurduğu müstəqil Azərbaycan dövləti Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində möhtəşəm nailiyyətlər qazanıb.
Artıq müasir Azərbaycan 34-cü ildir ki, müstəqil dövlətdir. Ölkəmiz bu dövrə yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olur. 34 illik müstəqillik tarixində dövlətimiz həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atıb. Ötən dövrdə Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi böyük nailiyyətdir. Milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Qısa müstəqillik tarixində ölkəmiz güclü iqtisadi zəmin üzərində həmçinin özünün siyasi müstəqilliyini təmin edib. Son 20 ildə Prezident İlham Əliyev bütün səviyyələrdə ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyub. Dünyada nüfuzu getdikcə artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir.
Hazırda dünya ölkələri müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Biz bu ilki 28 May-Müstəqillik Gününü daha yüksək əhval-ruhiyyədə və qürurla qeyd edirik. Əminik ki, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz gələcəkdə də yeni-yeni zəfərlərə, nailiyyətlərə imza atacaq.
Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru

Oxşar xəbərlər