
1919-1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində olmasına baxmayaraq, şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi və dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. AXC yarandığı gündən qarşıya qoyulan prioritet vəzifələrdən biri də ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi olmuşdu. Bundan ötrü müstəqil dövlətin öz ordusu olmalı idi. Sərhədlərin qorunmasının təmin edilməsi üçün qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, elmin, təhsilin və mədəniyyətin inkişafı diqqət mərkəzində saxlanıldı. AXC daim sülhsevər siyasət apararaq, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin daxili işlərinə qarışmamaq, hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Mövcud olduğu qısa müddət ərzində AXC artıq dünya birliyi tətəfindən müstəqil dövlət kimi tanınırdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən irqindən, dinindən, millətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarına eyni hüquqlar verilməsini təmin etdi və sinfi bərabərsizliyin aradan qaldırılmasını təmin etdi. Cümhuriyyət parlamentinin qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, elm, təhsil və mədəniyyət sahələrində sürətli irəliləyişə əlverişli imkan yaratdı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. AXC-nin Azərbaycan tarixində oynadığı böyük rola ən yüksək qiyməti uzun illər sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi və memarı, Ulu Öndər Heydər Əliyev vermişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu”.
Müstəqilliyini itirərək bu dəfə 70 il müddətinə sovet imperiyasının tərkibinə qatılan Azərbaycan mürəkkəb, ziddiyyətli hadisələrin bir-birini əvəzlədiyi o illərdə böyük məhrumiyyət və itkilərə, repressiyalara və soyqırıma məruz qalmasına baxmayaraq, yaşayıb-yaratdı, inkişaf etdi, böyük nailiyyətlər qazandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinə qovuşarkən özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi və qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Müstəqilliyimiz getdikcə möhkəmləndirildi və əbədiyyətə çevrildi. Möhtərəm Prezidentimiz Cənab ilham Əliyevin Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu vurğulayan sərəncamı ilə 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili”nin elan olunması Cümhuriyyətin əhəmiyyətini beynəlxalq aləmə çatdırmaq məzmunu daşıyan çox önəmli qərardır. “Azərbaycan Xalq Cümhuriyyəti ili”nin elan olunması həm də Azərbaycan cəmiyyətinin müstəqil dövlətçiliyinə sahib çıxmaq iradəsidir. Eyni zamanda, demokratik ənənələrimizin təbliğinə, milli şüurun yüksəlişinə, dövlətimizə məhəbbətin, inamın artmasına təkan verən sanballı töhfədir. Ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət sayəsində dünyanın inkişaf etmiş dövlətləri sırasındadır. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini inkişaf etdirərək müasir Azərbaycan dövlətini daha da inkişaf etdirdi. Əgər ümummilli lider Azərbaycanı bölünmək, siyasi xəritədən silinib məhv olmaq təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarıbsa, İlham Əliyev Azərbaycanın güclü dövlətə çevrilməsinə nail olub, ərazi bütövlüyümüzün bərpası üçün bütün dövlət imkanlarını səfərbər edib və möhtəşəm uğurlara nail olub. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır.
Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin
ibtidai sinif müəlliməsi Şəmsiyyə Həsənəliyeva