
Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetirdiyi ən böyük siyasi şəxsiyyətlərdən biri olmaqla yanaşı, həm də dövlət müstəqilliyimizi qoruyub saxlayan və onu dönməz edən, milli ideologiyanı formalaşdıran, millətini öz tarixi torpaqlarında əbədi və azad yaşatmaq uğrunda mübarizəyə ruhlandıran lider idi. O, tarix səhnəsinə çətin və mürəkkəb dövrlərdə çıxdı. Azərbaycan xalqı böyük sınaqlardan keçirdi, lakin o sınaqlardan Heydər Əliyev sayəsində məğrur və qalib çıxa bildi.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyini yeni qazanmış, amma xaos, vətəndaş qarşıdurması və iqtisadi tənəzzül girdabında boğulan ölkəni xilasa apardı. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışı əslində, Azərbaycanın dövlətçiliyinin xilası, milli iradənin bərpası və gələcəyə doğru atılmış ən mühüm addım idi. Bu qayıdışla Azərbaycan tarixində sabitlik, inkişaf və inteqrasiyanın təməli qoyuldu. O, Azərbaycanın müstəqilliyini yalnız siyasi bəyanat səviyyəsində deyil, həm də iqtisadi, hüquqi və beynəlxalq müstəvidə tam şəkildə təsdiqlədi.
Heydər Əliyev bütün varlığı ilə Azərbaycanın müstəqilliyinə sadiq idi. Onun "Müstəqillik bizim ən böyük sərvətimizdir" fikri bu gün hər bir azərbaycanlının yaddaşında və qəlbində əbədi həkk olunub. Çünki o, bu sərvəti qorumaq üçün təkcə daxili çəkişmələrlə deyil, həm də xarici təzyiqlərlə, regiondakı mürəkkəb geosiyasi oyunlarla, sinsi planlarla üz-üzə qalaraq böyük mübarizə aparmışdı. Onun həyata keçirdiyi uzaqgörən enerji siyasəti – “Əsrin müqaviləsi” ilə Azərbaycanı dünya iqtisadiyyatına inteqrasiya etdi, ölkəmizi bölgədə əsas enerji mərkəzinə çevirdi və müstəqilliyimizin iqtisadi təməllərini gücləndirdi. Bu, müstəqil Azərbaycanın uzunömürlü olması üçün həyati əhəmiyyət daşıyırdı.
Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması üçün mühüm addımlar atdı. Onun rəhbərliyi ilə ölkəmiz dünya dövlətləri ilə diplomatik münasibətlər qurdu, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlarla əməkdaşlığa başladı. O, Azərbaycanın dünyada tanınan, hörmət edilən, sülhsevər və sabit bir dövlət kimi tanınmasına nail oldu. Bu da göstərdi ki, Heydər Əliyev yalnız daxili sabitliklə kifayətlənməyib, Azərbaycanın xarici siyasətini də milli maraqlar üzərində quraraq dövlətin suverenliyini və beynəlxalq mövqeyini möhkəmləndirib.
Heydər Əliyev üçün Azərbaycanın bütövlüyü hər şeydən önəmli idi. O, Qarabağ məsələsini hər zaman özünün əsas milli problemi kimi qəbul edir, bu torpaqların işğaldan azad olunması üçün beynəlxalq müstəvidə yorulmadan çalışırdı. Onun siyasi xətti daim xalqı bu ideya ətrafında birləşdirməyə, azərbaycançılıq məfkurəsini gücləndirməyə yönəlmişdi. Bütün çıxışlarında, addımlarında və qərarlarında Azərbaycanın ərazi bütövlüyünün bərpasını əsas məqsəd kimi irəli sürür və buna nail olmağın yalnız güclü dövlət, möhkəm ordu və milli həmrəylik vasitəsilə mümkün olacağını söyləyirdi.
Bugünkü reallıqlar sübut edir ki, Heydər Əliyevin siyasi xətti düzgün və müdrik seçim idi. Onun müəyyənləşdirdiyi strateji yol Azərbaycanı XXI əsrin əvvəllərində böyük bir dövlətə çevirdi. Prezident İlham Əliyev bu yolu uğurla davam etdirərək atasının mirasına sadiqlik göstərdi. Onun rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər – Heydər Əliyev ideologiyasının məntiqi və tarixi nəticəsidir. Bu Zəfərlə Azərbaycan həm müstəqilliyini gücləndirdi, həm də ərazi bütövlüyünü bərpa edərək Heydər Əliyevin əsas arzusunu reallaşdırdı. Artıq Qarabağ və Şərqi Zəngəzur azaddır və bu torpaqlarda böyük qayıdış və dirçəliş prosesləri başlayıb. Bu proseslərin arxasında isə Heydər Əliyevin zamanında qoyduğu möhkəm təməllər dayanır.
Azərbaycan bu gün beynəlxalq arenada müstəqil siyasət yürüdən, heç bir güc mərkəzindən asılı olmayan, öz sözünü deyə bilən və regional əməkdaşlıqda lider mövqedə dayanan bir dövlətdir. Bu uğurlar, sabitlik və yüksəliş məhz Heydər Əliyev irsinin təntənəsi, onun mənəvi və siyasi mirasının zəfəridir. Onun dövlətçilik fəlsəfəsi Azərbaycan xalqına öz tarixini yenidən yazmaq, öz sözünü dünya səhnəsində qürurla demək imkanı verdi.
Heydər Əliyev hər zaman xalqına arxalanırdı. O deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Bu sadə, amma güclü ifadə onun xalqına olan məhəbbətinin, inamının və sədaqətinin təcəssümüdür. Məhz bu xalq sevgisi onu əbədi liderə, xalqın qəlbində yaşayan əfsanəyə çevirdi.
Bu gün hər bir azərbaycanlı bilir və hiss edir ki, müstəqil və bütöv Azərbaycan Heydər Əliyevin zəhmətinin, mübarizəsinin və uzaqgörənliyinin təntənəsidir. Onun siyasi və mənəvi mirası zaman keçdikcə daha da dəyərli olur, gələcək nəsillər üçün yol göstərən mayaka çevrilir. Azərbaycanın gələcəyi bu müdrik irs üzərində qurulur – sabit, güclü, inkişaf edən və əbədi müstəqil Azərbaycan!