
ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Vaşinqtonda baş tutan görüş bir sıra mühüm geosiyasi siqnallarla müşayiət olunub. Dövlət Departamentinin rəsmi açıqlamasında Türkiyədən həm Ukrayna, həm də Cənubi Qafqazda sülh proseslərinə daha güclü dəstək gözlənildiyi açıq şəkildə ifadə edilib.
ABŞ tərəfi Türkiyənin İŞİD-ə qarşı qlobal koalisiyadakı rolunu və Suriyada sabitlik cəhdlərini alqışlasa da, bu görüş Ankara üçün siyasi balans və strateji qərar anıdır. Çünki eyni zamanda Suriyada İran təsirinə qarşı birgə fəaliyyət, daxildə isə insan haqları və etirazlarla bağlı tənqidlər də səsləndirilib.
Vaşinqtonun Türkiyəni regionun sabitləşdirici gücü kimi görməsi Ankara üçün status qazandırsa da, bunu real təsir və vasitəçiliklə sübut etməyi də tələb edir.
Rubionun “Cənubi Qafqazda sülhə dəstək” çağırışı isə birbaşa Türkiyənin Azərbaycanla strateji ittifaqına yönəlmiş mesaj kimi oxunur.
Tərəfdaş Ankara vasitəsilə regiona siqnal
ABŞ-ın Türkiyəyə etdiyi bu çağırış, Azərbaycan üçün də dolayı və incə məna daşıyır. Vaşinqton, görünür ki, Ankaranı Bakı üzərindəki təsirindən istifadə edərək sülh prosesini sürətləndirməkdə rol almağa təşviq edir.
Bu həm də o deməkdir ki, Azərbaycan-Ermənistan sülh prosesi artıq qlobal güclərin diplomatik gündəminə birbaşa daxil olub. ABŞ, bu prosesdə Ankaranı vasitəçi və zəmanətçi aktor kimi görmək istəyir – bu, Bakının da maraqlarına uyğundur, təbii ki, bu əməkdaşlıq balanslı şəkildə idarə olunarsa.
Lakin burada Vaşinqtonun öz təsirini Ankara üzərindən Bakıya yönəltmək istəyi də sezilir. Bu isə Azərbaycanın regional təşəbbüslərdə suveren qərarlarını daha aydın və qətiyyətli ifadə etməsini vacib edir.
Türk dünyası və Qafqaz üçün diplomatik yol ayrıcı
Rubio–Fidan görüşü göstərdi ki, Cənubi Qafqaz artıq yalnız regional yox, böyük güclərin rəqabət və əməkdaşlıq meydanıdır. Türkiyə bu masada həm VASİTƏÇİ, həm də mühüm oyunçu kimi çıxış edir.
Azərbaycan isə bu dəyişən geosiyasi mənzərədə öz milli maraqlarını qorumaq üçün həm Ankara ilə koordinasiyanı dərinləşdirməli, həm də beynəlxalq proseslərdə aktiv tərəf olaraq mövqeyini gücləndirməlidir.
ABŞ-ın bu çağırışı həm fürsətdir, həm də strateji təzyiq elementidir. Ankara ilə Bakı bu balansı düzgün qurmağı bacarmalıdır.