"İran 5 noyabra qədər İsraili vuracaq" proqnozu özünü doğruldacaqmı?

Elxan Şahinoğlu: "Proqnoz özünü doğrultsa, iki ölkə arasında müharibə şiddətlənəcək"
Asif Nərimanlı: "ABŞ və İsrail mediasının tirajladığı bu informasiya İranı mümkün hücumdan çəkindirmək məqsədi daşıya bilər"
İranın bir neçə gün ərzində, 5 noyabr ABŞ seçkilərinə qədər İraq ərazisindən İsrailə böyük zərbə endirməyə hazırlaşdığı haqda məlumatlar yayılıb. "Axios" portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən yazıb ki, Tehran noyabrın 5-də ABŞ-da keçiriləcək ümumi seçkilərə qədər çoxlu sayda pilotsuz uçuş aparatlar və ballistik raketlərin iştirakı ilə əməliyyat keçirə bilər.

Portalın məlumatına görə, İraq ərazisindən hücum İrandakı strateji hədəflərə İsrailin növbəti hücumundan qaçmaq cəhdidir.

Qeyd edək ki, bundan əvvəl CNN bu cür analoji bəyanatla çıxış edib.

Bəs İranın 5 noyabra qədər İsrailə hücumu proqnozu özünü doğrulda bilərmi?

Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu bu barədə sosial media hesabında qeyd edib:


"CNN bu xəbəri mənbələrinə istinadən yaydığını bildirib. Mənbənin Ağ Ev və ya Dövlət Departamenti olduğunu ehtimal etmək olar. Bu xəbərin yayılmasında məqsəd İranın İsrailə mümkün zərbəsini önləməkdir. Ağ Ev administrasiyası seçki öncəsi İran-İsrail gərginliyinin yeni mərhələyə keçməsini istəmir. Admnistrasiya “İran 5 noyabra qədər vuracaq” xəbərini CNN vasitəsilə yaymaqla Tehranın planlarını pozmağa çalışıb. Həqiqətən CNN yaydığı xəbərdən sonra İran İsrailə raket zərbəsinin tarixini dəyişə bilər.

İranın İsrailə zərbə vurmaq istəyi doğrudursa, bu iki ölkə arasında müharibənin şiddətlənməsi anlamına gələcək. Çünki, İsrail İranın zərbəsinə yenidən cavab verəcək və bu dəfə fərqli hədəflər seçə bilər. İran oktyabrın 1-də İsraili raketlərlə vurdu, İsrail 25 gün sonra bunun cavabını verdi, əslində bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır".

Politoloq Asif Nərimanlı isə qeyd edir ki, ABŞ və İsrail mediasının tirajladığı bu informasiya İranı mümkün hücumdan çəkindirmək, yaxud təxirə salmağa məcbur etmək məqsədi də daşıya bilər:

"Çünki seçkiyə günlər qalmış İsrailə hücum Təl-Əvivin Tehrana qarşı addımlarını maksimum məhdudlaşdırmağa çalışan ABŞ-ın mövcud administrasiyası üçün fors-major situasiya yarada, yəhudi icmasının seçiminə təsirə edə biləcək amildir.

Lakin İranın ABŞ seçkilərinə qədər İsrailə cavab zərbəsi endirmək planının doğruluğu da istisna edilməməlidir.

İran İsrailin 26 oktyabr hücumuna cavabın veriləcəyi mesajını dini lider Xamenei və prezident Pezeşkian səviyyəsində elan edib. İranın 1 oktyabr və 26 oktyabr hücumları arasında bərabərlik qoyacağı ehtimalı da azdır, çünki İsrailin “müqavimət oxu”na qarşı əməliyyatları davam edir, Təl-Əvivlə birbaşa müharibədən qaçan Tehranın “hesab bərabərləşdi” yanaşması ilə geri çəkilməsi ilk növbədə proksi qüvvələri üzərindəki təsir imkanlarına zərər yetirə bilər. Bu baxımdan, “danışılmış döyüş” səviyyəsində olsa belə, İranın nəsə edəcəyi gözləntisi çoxdur".

Politoloqun fikrincə, bu hücumun məhz ABŞ-da prezident seçkilərinə qədər edə biləcəyini şərtləndirən amillər var:

"Bayden administrasiyasının İran-İsrail qarşıdurmasında vəziyyəti nəzarətdə saxlaması genişmiqyaslı müharibə istəməyən Tehranın da maraqlarına uyğundur. Seçkilərdə anti-İran mövqeyi ilə tanınan Trampın mümkün qələbəsi isə İsrailə “cavab zərbəsi”nin risklərini böyüdə, hətta mümkünsüz edə, həmçinin, Vaşinqtonda yeni administrasiyanın dəstəyi ilə Tehrana müdaxilə ssenarilərini belə gündəmə gətirə bilər. Bu baxımdan, İsrailə cavab zərbəsinin seçkiyə qədər – Ağ Evdə dəyişiklik olmadan endirilməsi İran üçün daha sərfəli görünür".

Oxşar xəbərlər