2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi
Azərbaycan Rеspublikasının cənub-qərbində yеrləşən Zəngilan rayonunun ərazisi 730 kv km-dir.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub.
Rayonun ərazisi həm Araz çayı boyunca şərqdən Qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir. Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, о cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və “Şəhid Məhəmməd” adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir. 60-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim bir tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılmışdır. Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılmış, 1868-ci ildə Yelizavetpol quberniyası, onun tərkibində də Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılmışdır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilmişdir.
1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilirdi. Xəritədə Zəngilan rayonundan Genlik, Aladin, Dəlləkli əraziləri qeyd olunurdu.
1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.
Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşdı və ərazisi dəqiq müəyyən olundu.
1967-ci ildə Zəngilana şəhər statusu verildi. Həmin vaxt Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə, 79 kənd olmuşdur.
Zəngilanın ərazisi Məmmədbəyli türbəsi, XIV əsrə aid Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, Səfəvilər dövründə tikildiyi ehtimal olunan və XVII-XVIII əsrə aid məscid, Bartaz qız qalası, Daş heykəllər muzeyi, Koroğlu daşı və sadalamaqla qurtarmayan tarixi əsərlərlə zəngin olmuşdur. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
Öz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan, 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və 1993-cü ilin 27 oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışdılar.
2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi. Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. 2020-ci il oktyabrın 20-də Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhəri işğaldan azad edildi.
Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilmişdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.
Azərbaycanın möhtəşəm qələbəsiylə başa çatan Vətən Müharibəsindən sonra ölkəmizdə yeni dövr başlamışdır. Dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələr davamlı şəkildə icra olunur. Planlı şəkildə aparılan abadlıq-quruculuq işləri deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Dörd ildir ki, ata-baba yurdumuzdan azan səsi gəlir, şanlı üçrəngli bayrağımız dalğalanır. Qarşıda duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin başa çatdırılmasıdır.
Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Məqsəd insanların rahat yaşayışını təmin etməkdir. Hazırda Zəngilanda digər işğaldan azad edilmiş rayon və şəhərlərdə olduğu kimi yeni həyat başlayıb.
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilib, cəmi dörd il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə həyat yenidən məcrasına qayıdır.
Azad edilən yurdlarımız gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, “ağıllı kənd”, “ağıllı şəhər”lər salınır. Artıq Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilir.
İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Hər zaman çıxışlarında “Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq”, söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir. O cümlədən də 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.
Böyük qayıdış prosesinə məhz Zəngilanda start verildi. 2022-ci il 27 may tarixində, Azərbaycan xalqının müstəqillik günü ərəfəsində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu. Birinci mərhələdə Yeni Ağalı kəndinə 41 ailə köçürüldü. Bu ailələr 29 il həsrətində olduqları doğma ata-baba torpağına geri dönmənin sevincini yaşadı.
Təsadüfi deyil ki, Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. Böyük rəmzi mənası olan bu fəvvarəni Ali Baş Komandanımız cənab İlham Əliyev işə saldı.
Artıq Ağalı kənd meydanında “ASAN xidmət” mərkəzi, bank xidməti, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi, iki market, poçt məntəqəsi, kafe, çayxana, ət kəsimi məntəqəsi və digər xidmət sahələri fəaliyyət göstərir.
Ağalı yalnız ölkəmizdə birinci “ağıllı kənd” olmağı ilə fərqlənmir, həm də bu, vətəndaşlarımızın xəyallarının gerçəkləşdiyi ilk kənddir. 65 evdə 325 sakinin məskunlaşdığı kənddə heç bir məşğulluq problemi yoxdur.
Həmçinin ərazidə böyük logistika layihələri də icra olunmaqdadır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər strateji əhəmiyyətli layihələrdən biri də uzunluğu 124 kilometr olacaq 6 zolaqdan ibarət Zəngilan-Horadiz avtomobil yoludur.
Sözsüz ki, burada icra olunan ən böyük layihə Zəngilan hava limanıdır. Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib. Zəngilan Hava Limanı eyni zamanda Azərbaycanın qədim tarixi torpaqları olan Zəngəzur və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, həmçinin regionda da böyük, möhtəşəm bir logistik habın yaradılmasına imkan verəcəkdir.
Bir sözlə, Ağalıda həyat qaynayır, doğma yurd-yuvasına qayıdan sakinlər həm müəssisələrdə, ictimai-iaşə obyektlərində çalışır, həm də həyətyanı sahələrdə təsərrüfatla məşğul olurlar. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat daha gözəl olacaq.
Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.
Bundan əlavə, rayon ərazisində hava limanı da inşa edilib. 2022-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimdə iştirak etmişdilər. İşğaldan azad olunmuş ərazilərdə istifadəyə verilən, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək beynəlxalq statuslu Zəngilan hava limanı, dəmir yolu və avtomobil yolu nəinki rayonun, eyni zamanda bütün regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.

Balaxanı qəsəbəsi, 69 saylı orta məktəbin
ingilis dili müəllimi Gülnar Qasımova

Oxşar xəbərlər