
Belə hallarda isə əsas sual ortaya çıxır: Vəfat edən şəxsin kreditini kim ödəyir?
Məsələ ilə bağlı News24.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, kredit götürən şəxsin borcunun taleyi əsasən onun həyat sığortasının olub-olmamasından və vərəsəlik məsələlərindən asılıdır:
“Ümumiyyətlə, kredit alan şəxs könüllü şəkildə həyat sığortası etdirə bilər. Bu, tamamilə şəxsin öz seçimidir. Lakin bəzi banklar, xüsusilə iri məbləğli kreditlər təqdim edərkən, müştərinin həyatının sığortalanmasını mütləq şərt kimi qoyurlar. Bu halda kredit alan şəxs vəfat edərsə, borcu sığorta şirkəti ödəyir və varislərə heç bir məsuliyyət düşmür”.
Hüquqşünasın sözlərinə görə, əgər kredit alan şəxsin həyatı sığortalanmayıbsa, məsuliyyət vərəsələrin üzərinə keçir:
“Vərəsələr yalnız mərhumdan onlara miras əmlakı qaldığı halda borca cavabdeh olurlar. Yəni vəfat edən şəxs ev, torpaq, avtomobil və ya digər əmlak qoyubsa, həmin əmlakı qəbul edən varislər borcu da öz üzərlərinə götürmüş hesab edilirlər. Bu məsuliyyət varislər arasında mirasdakı paylarına uyğun şəkildə bölünür. Məsələn, üç vərəsə varsa və hər biri mirasın üçdə birini qəbul edibsə, onda borcun da üçdə birini ödəməlidirlər”.
Ramil Süleymanov əlavə edib ki, əgər mərhumun heç bir mirası və ya varisi yoxdursa, bankın borcu tələb etmək imkanı qalmır:
“Əgər şəxsin vərəsəsi yoxdursa və ya miras qoymayıbsa, bu halda kredit faktiki olaraq ödənilməmiş qalır. Bank isə bu cür halları ‘ümidsiz kredit’ kimi dəyərləndirir və sonradan həmin borcu silməli olur”.