Ana dilimizi qorumaq hər bir vətəndaşın müqəddəs vəzifəsidir

Ana dilimizi qorumaq hər bir vətəndaşın müqəddəs vəzifəsidir Tarixin müxtəlif dövrlərində ana dilimiz bir çox təsirlərə məruz qalsa da xalqımız bu dili qoruyub yaşatmış və yetişən növbəti nəsillərə ötürmüşdür. Milli dilimiz üçün çətin dövlərdən biri ölkəmizin Sovetlər birliyinin tərkibində olduğu illər, xüsusilə də 1970-ci illərin ortaları olmuşdur. Lakin Azərbaycanın dahi oğlu Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi nəticəsində Azərbaycan dili zamanın bu sınağından da uğurla çıxa bilmişdir.
Belə ki, 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”, maddəsi öz əksini tapmışdır. Sovetlər dövründə Azərbaycan dilinin mənfi təsirlərə məruz qalmasının qarşısını almaq üçün dahi şəxsiyyət hər zaman öz gücünü səfərbər etmiş, xalqımızın milli sərvətini qoruyub saxlaya bilmişdir.
Ulu Öndər Heydər Əliyev ana dilimiz haqqında demişdir: “Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də bunu heç bir şeyə dəyişmək olmaz. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini-Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”.
Ulu Öndər Heydər Əliyevin ana dilimiz haqqında söyləmiş olduğu bu müqəddəs sözlərə diqqət yetirdikdə bir daha Azərbaycan dilinin nə qədər səlis, geniş və zəngin ifadə imkanlarına malik olduğunu görmək olur. Eyni zamanda ümummilli liderimiz bu nitqi ilə hər bir vətəndaşın, xüsusilə də gənclərin qarşısında müqəddəs bir vəzifə qoymuşdur. Bu müqəddəs vəzifə ana dilimiz olan Azərbaycan dilinin mükəmməl öyrənilməsi və onun qorunub saxlanmasıdır.
Bu işdə Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərmiş, həmçinin hər bir azərbaycanlıya böyük örnək olmuşdur. Belə ki, bütün xarici ölkələrə səfərləri zamanı öz çıxışlarını dövlət dilimiz olan Azərbaycan dilində etməsi ana dilimizin təbliğatı sayəsində görlmüş böyük işlərdir. Azərbaycan dilinin inkişafı naminə görülmüş işlər bununla yekunlaşmır. Ulu Öndər Heydər Əliyev bu sahədə bir çox fərman və sərəncamlar imzalamışdır. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar verildi. Məhz 2001-ci il avqustun 9-da imzalanan Fərmana əsasən avqustun 1-i ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunur.
2003-cü ildən Azərbaycana rəhbərlik edən, Ulu Öndərin siyasi və mədəni irsinin davamçısı cənab prezident İlham Əliyevin hakimiyyəti illərində də Azərbaycan dilinin qorunmasına xüsusi həssaslıqla yanaşılmış, bir sıra sərəncamlar, dövlət proqramları həyata keçirilmişdir. “Dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi, az qala, adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”- deyə vurğulayan ölkə başçısı 2018-ci il noyabr ayının 1-də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dilimizin inkişafına xidmət edən növbəti fərmanını imzalamışdır.
Bəli, doğrudan da ana dilimizi qorumaq hər bir vətəndaşın müqəddəs vəzifəsidir.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
tarix müəllimi Şəhanə İmanova

Oxşar xəbərlər