Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb

Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb Bu gün ölkəmiz ardıcıl enerji siyasətini uğurla həyata keçirməkdədir. Regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Hazırda ölkəmiz qısa müddət ərzində elektrik enerjisinın idxalçısından ixracatçısına çevrilib. Məlumdur ki, bərpaolunan enerji növlərinin inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Bununla bağlı olaraq bütün dünyada bərpa olunan enerjidən istifadə getdikcə özünə daha geniş yer alır. Azərbaycanda da məhz bu məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki bərpaolunan enerji sahəsinin inkişafı üçün ölkəmizdə xeyli əlverişli şərait mövcuddur. Aydındır ki, bu növ enerjinin yaradılmasının əsas mənbəyi günəş və küləkdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun relyefi, külək, günəş, su ehtiyatları imkan verir ki, Azərbaycan öz təbii sərvətləri hesabına bərpaolunan və “yaşıl enerji” zonası yaratsın. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib. Prezident İlham Əliyev öz çıxışlarında bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə, innovativ texnologiyaların tətbiq olunacağı barədə melumat verərək bildirib ki, azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevriləcək. Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” 10 min kvadratkilometr ərazini əhatə edir. Yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan bölgə 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır.
Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidroenerji potensialına malikdir. Artıq 7 kiçik su elektrik stansiyası işə salınıb. Həmçinin ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Araşdırmalara və mütəxəssislərin qənaətinə görə, gələcəkdə istehsal edilən alternativ enerji Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan isə Avropaya nəql ediləcək. Bu gün dünyanın ən böyük enerji şirkətləri də Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İşğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bir sözlə, bu rayonları “yaşıl enerji” məkanına çevirmək üçün imkanlardan səmərəli istifadə olunur. Bu da deməyə əsas verir ki, həmin istiqamətdə görülən işlər ölkəmizin daha böyük sosial-iqtisadi inkişafına xidmət edəcək.
Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin
müəllimi Lamiyə Musayeva

Oxşar xəbərlər