Azərbaycan Avropa üçün mühüm tərəfdaşa çevrilir

Azərbaycan Avropa üçün mühüm tərəfdaşa çevrilir
Azərbaycanın beynəlxalq aləmdəki tərəfdaşlarının və dostlarının sayı artır. Ölkəmizin yeritdiyi düzgün xarici siyasət kursu siyasi, iqtisadi, hərbi, humanitar-mədəni əlaqələrimizi gün-gündən möhkəmləndirir. Bu sırada önəmli nümunələrdən biri də Bolqarıstanla inkişaf etməkdə olan münasibətlərdir.
Bu günlərdə Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri də bunun mühüm göstəricisi oldu.
Ölkə prezidentlərinin mətbuata verdikləri bəyanatlarda ikitərəfli əlaqələrin bu günü və gələcəyi ilə bağlı vacib mesajlar səslənib.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, 2015-ci ildən bəri ölkələrimizin strateji tərəfdaşlığı sürətlə və uğurla inkişaf edib.
“Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq” – dövlət başçısı bildirib.
Azərbaycan Prezidenti deyib ki, tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətində çox fəal iş aparılır. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir.
Azərbaycan Prezidenti nəqliyyat sahəsinə əməkdaşlığın əhəmiyyətindən də söz açıb. Deyib ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır: “Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”.
Qeyd edək ki, səfər zamanı Azərbaycanla Bolqarıstan arasında bir sıra əməkdaşlıq sənədləri imzalanıb.
Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova

Oxşar xəbərlər