ABŞ prezidenti Donald Trampın ərazi genişləndirilməsi ilə bağlı açıqlaması Vaşinqtonda keçirilən qapalı tədbirdə iştirak edənlər arasında qəribə bir sükuta səbəb olub.“The Washington Post” xəbər verir ki, ABŞ-da çox məhdud sayda siyasi və biznes elitasının qatıldığı, qapalı qapılar arxasında keçirilən illik “Alfalfa Club” şam yeməyində Trampın Qrenlandiya, Kanada və Venesuela ilə bağlı açıqlamaları əsas mövzulardan biri olub. Vaşinqtondakı tədbirdə Trampın belə dediyi bildirilir:
“Biz Qrenlandiyanı işğal etmirik, onu alırıq. Mən heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək istəməmişəm. Kanada 51-ci ştat ola bilər. Qrenlandiya 52-ci, Venesuela isə 53-cü ştat”.
“The Washington Post” qeyd edir ki, Trampın çıxışı bir çox hallarda stand-up komediya rutini təsiri bağışlasa da, bəzi zarafatlar zalda soyuq qarşılanıb və otaqda açıq şəkildə yöndəmsiz bir sükut yaranıb. Tramp özü isə sonradan jurnalistlərə açıqlamasında çıxışını “komediya axşamı” adlandırıb.
Məqalədə qeyd olunur ki, “JPMorgan Chase”in baş direktoru Ceymi Daymon və Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell kimi nüfuzlu şəxslərin iştirak etdiyi zalda Trampın bəzi açıqlamaları əlavə gərginlik yaradıb.
Trampın “Bu otaqda nifrət etdiyim çoxlu insan var, amma əksəriyyətinizi sevirəm” ifadəsini işlətdiyi də iddia edilir.
Bundan əlavə, ABŞ prezidentinin Federal Ehtiyat Sisteminin rəhbərliyinə namizəd Kevin Uorş barədə zarafatla “əgər faiz dərəcələrini aşağı salmasa, onu məhkəməyə verəcəyini” deyib.