Paşinyan HƏDDİNİ aşdı – Bakıya “işğalçı” İTTİHAMI

Paşinyan HƏDDİNİ aşdı – Bakıya “işğalçı” İTTİHAMI Erməni ordusunun yaranışının 34-cü ildönümü ilə bağlı çıxışında Nikol Paşinyan 2020-ci ildən sonra sərhəd ərazilərinin Azərbaycan tərəfindən "işğal edilməsi” məsələsini qaldırıb. O bildirib ki, “işğal olunmuş ərazilər məsələnin həlli hər iki ölkədə artıq ən yüksək hüquqi qüvvəyə malik olan Ermənistan və Azərbaycan sərhəd delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamədə təsbit olunub və bu məsələ delimitasiya prosesində həll olunacaq”.

"Hraparak" isə yazıb ki, "Kirants kəndinin torpaqlarının delimitasiya bəhanəsi ilə birtərəfli və qanunsuz şəkildə təhvil verilməsindən bir il yarımdan çox vaxt keçib". Erməni nəşri sual edib ki, niyə 2020-ci ildən sonra Azərbaycanın "işğal" etdiyi 215 kvadrat kilometr ərazidən, eləcə də 30 ildən çoxdur "işğal altında" olan on minlərlə hektar Ermənistan torpaqlarından bir metr belə qaytarılmayıb?

İşə bax, 4 anklav kəndimizi işğalda saxlayan tərəf bizi işğalçılıqda ittiham edir. Bəs Paşinyana nə düşüb? O niyə sülh ab-havasına zərər vuran əsassız açıqlamalar verir? Nəhayət, ermənilərin iddia etdiyi o ərazilər qaytarıla bilərmi?

Politoloq Züriyə Qarayeva Musavat.com-a Paşinyanın çıxışını daxili auditoriyaya hesablanmış şərh hesab etdiyini vurğulayıb. Onun qənaətinə görə, erməni baş nazir başqa fikir söyləyə bilməzdi, çünki seçkilər yaxınlaşır və rəqibləri davamlı olaraq onu Azərbaycanın maraqlarına xidmət etmək günahlandırır. "Bu nöqteyi-nəzərdən Paşinyan delimitasiya prosesinə toxunaraq məsələnin bu müstəvidə həll olunacağını bəyan edib. Sözsüz ki, məsələ 2021-ci ildə sərhəd toqquşmalarında Azərbaycanın nəzarətə götürdüyü strateji yüksəkliklərdən gedir. Həmin ərazilərin Ermənistana aid olduğunu iddia edə bilməzlər. Ona görə ki, döyüşlər şərti sərhəddə gedib və delimitasiya yoxdursa, erməni tərəfi ərazi iddiası irəli sürə, Azərbaycanı işğalçı adlandıra bilməz. Axı şərti sərhəddə ərazinin hansı tərəfə məxsus olduğu barədə dəqiqləşmə getməyib. Xatırlayıram ki, bir ara Makron da eyni ittihamları səsləndirirdi. Ancaq əsas yoxdur. Odur ki, delimitasiya prosesi getməlidir", - deyə politoloq deyib.

Ekspertin fikrincə, iki ölkə arasında sərhəd dəqiqləşmələri sürətlənməlidir. Bunun sülh prosesinə və regionda dayanıqlı sabitliyə töhfə verəcəyini deyən həmsöhbətimiz bildirib ki, komissiya işini genişləndirməklə bu ittihamlara son qoyula bilər.

Hərbi ekspert Ramil Məmmədli isə qeyd edib ki, Paşinyan yalan danışır və xalqını sakitləşdirir:

"Əgər o ərazilərin Azərbaycana aid olduğunu bildirsəydi, seçki ərəfəsində xalqın gözündə reytinqini itirərdi. Müxalifət hələ də iddia edir ki, hakimiyyət guya Qarabağı təslim edib. Bu təbliğatın qarşısında erməni baş nazir yalan danışmağa məcburdur. Lakin istənilən halda səhv məlumat verib və sözügedən ərazilər Azərbaycan torpaqlarıdır. Biz onları geri qaytarmayacağıq. Çünki delimitasiya sübut edəcək və xəritələr əsasında faktlar təqdim olunacaq. Şərti sərhəd o deməkdir ki, ərazi iddiası irəli sürmək əsaslı ola bilməz. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi böyük zaman tələb edir. Nəzərə almalıyıq ki, texniki tərəfləri çoxdur. Sadəcə, Paşinyan delimitasiya çərçivəsində məsələnin həll olunacağını deməklə ermənilərin başını qatıb".

Hərbi ekspert anklav kəndlərin qaytarılmasını isə qaçılmaz sayır:

"Bu məsələdə isə mübahisəli hal yoxdur. Erməni tərəfi etiraf edir ki, kəndlər bizimdir. Ancaq Başkəndi istəyirlər, bu da bizim üçün məqbul deyil. Başkənd strateji əhəmiyyətə malikdir. Ona görə də anklavlar məsələsi qeyri-müəyyən olaraq qalır".

Oxşar xəbərlər