Qaç, Paşinyan, qaç...

Qaç, Paşinyan, qaç... Erməni baş nazir “müharibə olmayacaq” bəyanatı ilə çıxış etsə də, sülh ritorikası ilə real addımları arasında ciddi ziddiyyət qalmaqdadır və Vaşinqtondakı sülh gündəminə qarşı gedir; o, məsuliyyətdən boyun qaçıra biləcəkmi?
Ermənistanda “Ordu Günü” fonunda hərbi mövzu yenidən gündəmə gəlib. Müdafiə naziri Suren Papikyan hərbi hissələrə baxış keçirib sosial təminatlardan danışdığı halda, baş nazir və ali baş komandan Nikol Paşinyan proqram xarakterli çıxış edib.

Paşinyan “müharibə olmayacaq” bəyanatı ilə çıxış etsə də, eyni zamanda Ermənistanın ordunu gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, güclü ordusu olmayan dövlət aqressiya üçün asan hədəfə çevrilir. Baş nazir bunun ardınca yenidən Rusiya və KTMT-ni ittiham edərək, 2022-ci ildə bu qurumun Ermənistanın qarşısında öhdəliklərini yerinə yetirmədiyini iddia edib.

Paşinyanın sözlərinə görə, yaranmış “təhlükə” 2022-ci ildə Praqada keçirilən danışıqlardan sonra aradan qalxıb. Həmin razılaşmalara əsasən, Azərbaycan və Ermənistan 1991-ci il Almata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyıb, Ermənistan isə KTMT-də iştirakını dondurub.

Lakin Paşinyanın sülh ritorikası ilə real addımları arasında ciddi ziddiyyət qalmaqdadır. 2020-ci il müharibəsində Ermənistanın ən azı 5 milyard dollar dəyərində hərbi texnika itirdiyi bildirilir. Hazırda ölkənin hərbi potensialını sürətlə bərpa etmək üçün nə maliyyə, nə də etibarlı silah mənbələri mövcuddur. Avropa İttifaqının məhdud yardımı, Hindistandan pullu silah tədarükü və Fransadan simvolik dəstək bu boşluğu doldurmur.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan müdafiədən danışsa da, beynəlxalq bazarda hücum xarakterli silahların alınmasına maraq göstərir. Üstəlik, Praqa razılaşmalarından sonra Qarabağda qondarma “seçkilərin” təşkili və bölgədə Ermənistan ordusunun saxlanılması sülh bəyanatlarının səmimiliyini sual altına alıb. Məhz bu şəraitdə Azərbaycan 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri həyata keçirərək qanunsuz silahlı birləşmələri qısa müddətdə zərərsizləşdirib.

Paşinyanın bu gün KTMT-ni Ermənistanın ərazi bütövlüyünə “təhdidlərə” görə ittiham etməsi də mübahisəlidir. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı real təhlükə olmayıb, sərhəddə yaranan gərginliklər isə delimitasiya prosesində Ermənistanın təxribatları fonunda baş verib.

Bu kontekstdə Paşinyanın Vaşinqtonda əldə edilmiş razılaşmaları xatırlatmaması da diqqət çəkir. Bütün bunlar Ermənistan rəhbərliyinin sülh gündəminə nə dərəcədə səmimi yanaşdığı sualını aktuallaşdırır. Göründüyü kimi, Paşinyan baş verənlərin məsuliyyətini hər fürsətdə üzərindən atmağa və başqalarının boynuna biçməyə çalışır.
Onu da deyək ki, Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahı rəisi general Anil Çauhani fevralın 1-də Ermənistana rəsmi səfər edib. Ermənistan Hindistandan külli miqdarda silah-sursat və hərbi texnika almağa davam edir. Qərargah rəisinin səfərində də Ermənistanın silahlandırılmasının müzakirə edildiyi istisna deyil. Özünü “sülh göyərçini” kimi təqdim edən İrəvan, bir tərəfdən də Dehlidən raketlər almağa davam edir.
Əgər Ermənistanın müharibə planları yoxdursa, bu silahlanmanın səbəbi nədir?

“Mənə elə gəlir ki, Paşinyan seçkilər yaxınlaşdıqca Rusiyanın dominant olduğu KTMT-nin ünvanına ittihamları gücləndirir. Eyni tənqidləri qarşıdakı günlərdə təkrar eşidə bilərik. Nikol neçə ildir ki, oxşar və çeynənmiş sözləri hər dəfə dilə gətirir. Burada əsas hədəf də Rusiyanı günahkar çıxarmaqdır. Ona görə mən çox da tərəfdarı deyiləm ki, deyilən fikirləri Azərbaycanla əlaqələndirək”, - “Yeni Müsavat”a danışan deputat Elşad Musayev belə deyib.

Onun sözlərinə görə, sözsüz ki, burada daxili auditoriyanı da nəzərə almaq lazımdır: “Ermənistan hökuməti baş verənlərin günahını Rusiyanın üzərinə yıxır, yəni KTMT müdaxilə etsəydi, guya Qarabağda ermənilər yaşamağa davam edəcəkdi. Ancaq burada siyasi riyakarlıq ondan ibarətdir ki, Paşinyan özü də KTMT-nin qarışmaq ixtiyarı olmadığını gözəl bilir. Axı müharibə Ermənistanda getmirdi. Əgər Azərbaycan Silahlı Qüvvələri Ermənistana raket atsaydı, KTMT müəyyən qədər işə qarışardı. Sadəcə, Paşinyan Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmaqda davam etdikcə KTMT-nin ünvanına fikirlər səsləndirəcək. Sadəcə, burada qeyri-səmimilik həm də silahlanmadır. Bütün hallarda Ermənistan sabahı nəzərdə tutur. Paşinyan özünü sülh tərəfdarı kimi göstərmək istəsə də, bir erməni olaraq gələcəyi, nə zamansa yarana biləcək fürsəti fikirləşir. Amma Azərbaycan Ordusu ondan qat-qat artıq güclənməkdədir”.

Deputat hesab edir ki, İrəvan həm silahlanır, həm sülhdən danışır, bu da növbəti oyunbazlıqdır. Onun fikrincə, Azərbaycan Ermənistan hakimiyyətindən konkretlik tələb edir və yekun sülh sənədi üçün konstitusiyadan ərazi iddiaları qaldırılmalıdır: “Paşinyan olduqca təzadlı danışır. Onun bir fikri digərini təkzib edir. Gah Praqa sənədindən söz açır, gah KTMT haqda məntiqsiz bəyanatlar səsləndirir, gah da ordunun gücləndiyini qeyd edir. Çünki bunu deməyə məcburdur. Dediyim kimi, seçkilər yaxınlaşdıqca Rusiya və KTMT haqda ittihamlar artacaq, xalqa isə ordunun gücləndiyi haqda nağıllar danışmalı olacaq”.

Politoloq Elxan Şahinoğlunun da qənaəti budur ki, seçkilər ərəfəsində Rusiya təhlükəsi yaxınlaşır:

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Azərbaycan sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədin açılması perspektivindən danışmışdı. İrəvan iki qonşusu ilə münasibətlərin normallaşacağına əmindir. İrəvanın ehtiyat etdiyi əsas istiqamət Rusiyadır. Bunu Ararat Mirzoyanın AŞ PA-dakı çıxışında toxunduğu bir mövzudan da aydınlaşdırmaq olar. Ermənistanın xarici işlər naziri ölkəsində iyun ayının əvvəlində keçiriləcək parlament seçkiləri ərəfəsində hibrid hücumların güclənəcəyini bildirib. "Biz dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları mühitində yaşayırıq", - deyən Mirzoyan hibrid hücumları dəf etmək üçün immunitet formalaşdırdıqlarını söyləyib. Ermənistan hakimiyyətini zəiflətmək məqsədilə hibrid hücumları həyata keçirən və planlaşdıran ünvan bəllidir. Bu, Rusiyadır".

Ekspertə görə, seçki öncəsi Ermənistana Rusiya istiqamətindən hibrid hücumların miqyasının artacağı gözləniləndir: “Çünki Kreml və onun idarə etdiyi şəbəkələr Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə məğlub olmasına çalışacaqlar. Paşinyanın seçkidə əsas rəqibi olacaq iş adamı Samvel Karapetyana dəstək vermək istəyən qüvvələr növbəyə düzülüblər”.

Oxşar xəbərlər