Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir

Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxildir.
Dövlətimizin başçısı alman iş adamları ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayaraq, böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Horlemann nümayəndə heyətinin adından İlham Əliyevin yenidən Prezident seçildiyi vaxtda qəbula görə minnətdarlığını bildirdi. Səfir həm də qeyd etdi ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir. O dedi ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Səfir vurğuladı ki, iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır. Almaniya biznes dairələri və şirkətlərinin bu gündəliyə böyük töhfələrini verməyə hazır olduqları xüsusilə vurğulandı.
Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını bildirdi. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. Belə ki, Almaniya, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Prezident İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!
Prezident İlham Əliyev öz nitqində Azərbaycan torpaqlarının 20 faizinin 30 il Ermənistan işğalı altında olduğunu, bu müddət ərzində həmin ərazilərin dağıdıldığını, 1 milyona yaxın azərbaycanlının məcburi köçkün vəziyyətinə düşdüyünü də vurğuladı. Torpaqlarımızı işğal edən Ermənistan bu müddət ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüquq normalarına, həmçinin humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdi. İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq.
Prezident İlham Əliyev təəssüf hissi ilə bunu da bildirdi ki, Almaniya mətbuatında Azərbaycan azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, - deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir. O da vurğulandı ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Prezident İlham Əliyev bildirdi: “Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.
Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Bu ölkələr indi nəyin baş verdiyini yaxşı anlamalı və yeni reallıqları qəbul etməlidirlər. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.
Almaniyanın ölkəmizdəki səfiri səsləndirilən məlumatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Daha sonra ölkəmiz haqqında təəssüratlara malik olmaq üçün buradakı prosesləri öz gözləri ilə görməyin vacibliyini, həmçinin nümayəndə heyətinin səfərinin məqsədlərindən birinin də bundan ibarət olduğunu vurğuladı.
Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Vüsalə Əliyeva

Oxşar xəbərlər