"Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələr sırasında edir"

“İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır”.

Bunu Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə təşkil olunan “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmələr zamanı deyib

Onun sözlərinə görə, bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. “Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir”, - o qeyd edib.

Komitə sədri əlavə edib ki, etibarlı su təchizatına nail olunması yeni minillikdə hər bir ölkənin qarşısında duran strateji məsələdir: “Bu gün etibarlı su təchizatının qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğundan su təhlükəsizliyinin ölkənin milli təhlükəsizliyi olduğunu demək mümkündür. Su qlobal əhəmiyyətə malik strateji silahdır. Lakin dünya əhalisi artdıqca bu nemət tükənməyə başlayır.

Cənubi Qafqazdakı ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə Azərbaycanın payına düşür. Orta illik yerüstü su ehtiyatı isə 32,3 milyard kubmetrdir. Respublikamızın ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir. Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır. Təəssüf ki, bu sular da qonşu ölkələr tərəfindən daim çirkləndirilir. Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil”.

Oxşar xəbərlər