Ölkəmizin COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir

Ölkəmizin COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir Bildiyimiz kimi, ilk olaraq “Climate Home News” portalının və daha sonra isə BMT-nin beş regional qrupundan biri olan Şərqi Avropa regional qrupunun açıqlamasına görəB MT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) Bakıda keçiriləcək.Rəsmi qərar dekabrın 12-də plenar iclas zamanı verilmişdir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır və onun katibliyi Bonnda yerləşir.Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.
1995-ci ildə Berlin şəhərində COP-un ilk toplantısı keçirilib, sonuncu COP28 cari il Dubayda baş tutub. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.
COP-a ev sahibliyi müəyyən qayda əsasında həyata keçirilir. Belə ki, ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb.Xatırladaq ki, 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkib.Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkmiş və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyən edib.
Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Vətən müharibəsində qazandığımız şanlı zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır.Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras buraxıb.Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Bu, beynəlxalq birlik tərəfindən də qəbul edilib və təqdirlə qarşılanıb.Belə dünya səviyyəli və böyük tədbirləri təşkil etmək üçün ilk növbədə müasir infrastruktur və təhlükəsizlik əsas amillər arasında yer alır. Azərbaycan hər iki amilə malik azsaylı dünya ölkələrindən biridir.Sözügedən tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biqanə qalmadığını göstərir.
Bunu statistik göstəricilər də sübut edir. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasını hədəfləyir. Ermənilərin işğal zamanı viran qoyduqları ərazilərimiz də bu hədəflərdən kənarda qalmayıb. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Təbii ki, ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Prezidenti bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.

Qədir Səmədov,
Salyan rayon Qırxçıraq qəsəbə ümumi orta məktəbin direktor əvəzi

Oxşar xəbərlər