
Ulu öndərimizin başlatdığı və daha sonra da Cənab Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi güclü və müdrik siyasət sayəsində nəinki regionda, eləcə də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı. Suveren hüquqlarımız, ərazi bütövlüyümüz beynəlxalq təşkilatlar tərəfindən tanındı, Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Ölkə başçımızın yürütdüyü uğurlu daxili və xarici siyasəti, həmçinin bir çox dövlətlərlə qurduğu dostluq və əməkdaşlıq münasibətləri Azərbaycanın iqtisadi və siyasi qüdrətinin artmasında mühüm rol oynadı. Bununla yanaşı, son illərdə ordu quruculuğu istiqamətində bir çox işlər görülmüş, hərbi sənaye kompleksinin möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Atılan bütün bu addımlar hər zaman bir hədəfə xidmət edirdi-ərazi bütövlüyümüzü qorumaq. Dövlət başçımızın da dəfələrlə öz çıxışlarında bəyan etdiyi kimi, Azərbaycan heç vaxt heç bir ölkəyə qarşı işğalçı mövqedə olmayıb. Ölkəmiz daim regionda sülhün, inkişafın, əmin-amanlığın tərəfdarı olub. Biz Qarabağın işğaldan azad olunması məsələsində də hər zaman sülh və barış mövqeyində dayandıq. Bu məsələnin danışıqlar masasında dinc yolla həllinə nail olmaq istədik. Buna baxmayaraq, ermənilər öz işğalçılıq planlarından əl çəkmədilər, müxtəlif üsullarla tarixi faktları, həqiqətləri təhrif etməyə çalışdılar.
Azərbaycanın haqlı mövqeyi, regiondakı hərbi və strateji üstünlüyü ilə barışmaq istəməyən ermənilər dəfələrlə cəbhə xəttində atəşkəsi pozur, beynəlxalq hüquq normalarını heçə sayırdılar. Bütün bu proseslər artıq səbr kasamızı daşdırmaq üzrə idi. Erməni təcavüzünə qarşı tədbirlərin görülməsi üçün dəfələrlə çağırış etməyimizə baxmayaraq, lazımi addımların atılmaması və ən əsası da, 27 sentyabr səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin təxribat törədərək ordumuzun mövqelərini və mülki əhalinin olduğu yaşayış məntəqələrini atəşə tutması artıq səbr kasamızı dolduran son damla oldu. Ali Baş Komandanımızın əmri ilə hərbi vəziyyət və qismən səfərbərlik elan olundu və Azərbacan ordusu öz torpaqlarını qorumaq üçün əks-hücum əməliyyatına başladı. 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Şanlı Ordumuz yüksək döyüş bacarığı və əsl qəhrəmanlıq nümayiş etdirərək Qarabağımızı düşmən işğalından azad etdi. Ali Baş Komandanımızın rəhbərliyi, müzəffər ordumuzun gücü və dəmir yumruq ətrafında birləşən xalqın dəstəyi ilə Ermənistan məğlub oldu. Cəbrayılda, Füzulidə, Zəngilanda və nəhayət noyabrın 8-də Şuşada yüksəldi Üçrəngli bayrağımız. Bu yüksəliş əslində illərdir hayqırdığımız haqq səsimizin yüksəlişi idi. Bu yüksəliş uşaqdan böyüyə hər kəsin dilində şüar olmuş “Qarabağ Azərbaycandır!” sədalarının qəlbimizdən qopub gələn yüksəlişi idi. Vətən uğrunda şəhid olan igid oğulların qanı bahasına əldə olunan bu Böyük Zəfər Azərbaycanın tarixində yeni bir səhifə açdı, yeni bir inkişafın başlanması üçün zəmin yaratdı. 8 Noyabr Zəfər Günü xalqımızın tarixində ən qürurlu günlərdən biridir. Bu qələbə Azərbaycan xalqının yenilməzliyini və qüdrətini bir daha bütün dünyaya sübut etdi. Bu şanlı zəfər sevincini bizə yaşadan Şəhidlərizimə Allahdan rəhmət diləyir, onları hər zaman ehtiramla anırıq. Zəfər Günün mübarək, Azərbaycan!
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Arzu Zəkəryəyeva