Ulu öndər Heydər Əliyevin Çinə ilk səfəri 1994-cü ildə baş tutmuşdur

Ulu öndər Heydər Əliyevin Çinə ilk səfəri 1994-cü ildə baş tutmuşdur
1993-cü ildə Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması Azərbaycan Respublikasının taleyində dönüş nöqtəsi oldu. Vəziyyətin mürəkkəbliyini dərk edərək, xarici qüvvələrin bölgədəki öz maraqları ilə əhəmiyyətini qiymətləndirərək, inamla Azərbaycan dövlətçiliyini yaratmağa və Azərbaycanın yeni xarici siyasətini formalaşdırmağa başladı. Ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycanla Çin kimi böyük bir dövlət arasında yüksək səviyyəli əlaqələr qurulmuş və əlaqələrimizin daha uğurlu inkişafı üçün perspektivlər açılmışdır. Buna böyük əhəmiyyət veririk, çünki Çin Xalq Respublikası dünya iqtisadi sistemində mühüm yer tutur, beynəlxalq həyatda və dünya siyasətində böyük nüfuza malikdir və BMT Təhlükəsizlik Şuranın daimi üzvüdür".
Ulu öndər Heydər Əliyevin Çinə ilk səfəri 1994-cü ildə baş tutmuşdur. Çin Xalq Respublikasından Bakıya qayıdarkən Almatıda jurnalistlər qarşısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti səfərin yekunlarını belə dəyərləndirmişdi: «Ümumən isə belə hesab edirəm ki, Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, «Böyük İpək yolu» və s. olduğunu xatırlayırıq. İndi isə, təkrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir.»
İki ölkə arasında münasibətləri möhkəmləndirmək, mövqelərin yaxınlaşmasına nail olmaq, münasibətlərin hüquqi-siyasi əsaslarını möhkəmləndirmək məqsədi ilə 1996-cı il aprelin 17-də ÇXR baş nazirinin müavini, xarici işlər naziri Tsyan Tsiçen Azərbaycana rəsmi səfər etdi. Bu səfərlərin ardı gəlməkdə davam edirdi. Heç şüphəsiz ki, bunun əsas səbəbkarı Ulu öndər Heydər Əliyev idi.
Tərəflər arasında iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafına səbəb olan hadisə isə Böyük İpək Yolunun bərpası layihəsini gerçəkləşdirilməsi yolunda atılan addımlar oldu. Layihənin əsasını 1993-cü ilin may ayında Brüsseldə 5 Orta Asiya və 3 Qafqaz ölkəsi nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransda təklif olunmuş TRASEKA proqramı təşkil edir. Bu layihəni həyata keçirməkdə əsas məqsəd isə Orta Asiya və Qafqaz ölkələrinin Avropa və dünya bazarlarına alternativ nəqliyyat marşrutları vasitəsilə çıxmaq qabiliyyətlərini artırmaqla, onların siyasi və iqtisadi müstəqilliyini dəstəkləmək, TASİS və TRASEKA proqramlarından katalizator kimi Beynəlxalq Maliyyə Təşkilatları və özəl investorların cəlb edilməsi üçün daha çox istifadə etimək, TRASEKA marşrutunu Tras – Avropa Şəbəkələri (Taş) ilə əlaqələndirmək idi. O dövrdə Çin iqtisadiyyatının həcminin ildən-ilə artması rəsmi Pekini alternativ tranzit dəhlizi yaratmaq zərurəti ilə üz –üzə qalmışdı.Çinin əsas ticarət tərəfdaşı olan Avropa İttifaqı Böyük İpək Yolunun Azərbaycandan keçməsinə razılıq vermişdi. Bu razılaşmanın əldə olunmasında Ümummilli lider Heydər Əliyevin çox böyük əməyi olmuşdur.Heydər Əliyevin bu sahədə təşəbbüsləri nəticəsində 1998-ci il sentyabrın 8-də Bakıda Böyük İpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfransı keçirildi. Konfrans iki ölkə arasında münasibətlərin daha da inkişafını təmin edən hadisələrdən biri idi.
2002-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının on ili tamam olması münasibətlə Ulu öndər Heydər Əliyev ÇXR sədri Tszyan Tszeminə göndərdiyi təbrik məktubunda ötən on il ərzində iki ölkə arasında münasibətlərdə dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq əlaqələrinin təşəkkül tapdığını, bu əlaqələrin dairəsinin genişləndiyini və səviyyəsinin yüksəldiyini qeyd etmişdi. Tszyan Tszemin də həmçinin Ulu öndər Heydər Əliyevə göndərdiyi təbrik məktubunda Çin ilə Azərbaycanı qədim İpək yolu dövründən bəri dostluq münasibətlərinin bağladığını, diplomatik münasibətlərin qurulmasının yeni səhifə açdığını bildirmişdi.
Çinin Azərbaycan ilə münasibətlərdə atdığı mühüm addım 2002-ci il 2 dekabr tarixində “BMT və ATƏT arasında əməkdaşlıq haqqında qətnamə”yə Azərbaycan tərəfindən hər il irəli sürülən düzəliş üzrə BMT Baş Məclisində keçirilmiş səsvermədə Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ÇXR düzəlişin lehinə səs verməsi oldu.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra etməyə başlayan İlham Əliyev iqtisadi, siyasi istərsədə xarici siyasətdə Ulu öndər Heydər Əliyivin qurduğu əsaslı bazanı inkişaf etdirməyə yönəldi. Xüsusilə ölkəmizin beynəlxalq aləmdə rolunun qorunub saxlanması və daha da gücləndirilməsi istiqamətində uğurlu siyasət həyata keçirən Prezident İlham Əliyev Çin ilə münasibətlərə xüsusi əhəmiyyət verirdi.

Zabrat qəsəbəsi, 75 N-li tam orta məktəbin
tarix müəllimi Kamilə Qurbanova

Oxşar xəbərlər