Azərbaycan Zəfər qazanmaqla tarixi ədaləti bərpa etdi

Azərbaycan Zəfər qazanmaqla tarixi ədaləti bərpa etdi

Bildiyimiz kimi, Ermənistan rəhbərliyi 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən açıq-aşkar boyun qaçırmışdır. Hansı ki, qəbul olunmuş bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün bərpasının təmin olunması göstərilirdi. Ermənistan torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Onlar status-kvonun dəyişməsini istəmirdilər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbi idi. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqda idi. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 il idi ki, fəaliyyət göstərirdi və heç bir nəticə yox idi. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır.
Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra vasitəçilərdən bəzilərinin maskası söküldü, onlardan hansının Ermənistanı himayə etdiyi, hansının isə onun üçün silah və ya maliyyə donoru qismində iştirak etdiyi üzə çıxdı. Son 30 ildə cəmiyyət olaraq onu da gördük ki, BMT Təhlükəsizlik Şurasının ayrı-ayrı ölkələrlə bağlı qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə, bu, baş vermədi. İndi isə onu müşahidə edirik ki, Ukrayna ərazisində baş qaldıran və ya kənardan idarə olunan separatçılığı birləşmiş Qərb nəinki yolverilməz hesab edir, hətta Rusiyaya qarşı genişmiqyaslı sanksiya siyasətini həyata keçirir. Halbuki, eyni qətiyyəti və bu sanksiyaların çox cüzi bir hissəsini belə, bu illər ərzində Ermənistana qarşı görmədik. Elə buna görə də müharibədən sonra Ermənistan hakimiyyəti gah bəyan edirdi ki, ölkəmizin ərazi bütövlüyünü tanıyır, gah da Qarabağdakı erməni azlığının hüquq və təhlükəsizliyi ilə bağlı olan məsələlərin sülh müqaviləsinin mətninə salınmasını tələb edirdi və beləliklə də Azərbaycanın suveren hüquqlarını şübhə altına alırdı. Bütün bunlara baxmayaraq, Ermənistana qarşı yenə də heç bir sanksiya tətbiq edilmir, əksinə, həqiqətlər bilərəkdən təhrif olunur, Ermənistanı himayə edən dövlətlərin yardımı və təhriki ilə Azərbaycan bəzi beynəlxalq təşkilatların hədəfinə çıxarılırdı. Bu cür ayrı-seçkiliyin və ya selektiv yanaşmanın arxasında hansı fobiyaların dayanmasından asılı olmayaraq, beynəlxalq hüquqa və ona olan ictimai etimada növbəti dəfə kölgə salınırdı.
Artıq ordumuz torpaqlarımızı işğaldan azad edib. Bu Zəfərin həm böyük hərbi dəyəri oldu, həm də böyük siyasi dəyəri. Dünya dövlətləri Vətən müharibəsindən sonra Azərbaycanla daha sıx ikitərəfli iqtisadi əlaqələri davam etdirməyə, genişləndirməyə maraq göstərir. Güclü dövlətlə belə əlaqələr həmişə tərəfdaşa səmərə verir.
Prezident İlham Əliyev 29 sentyabr 2023-cü il tarixində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında demişdir: “İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım səbəblərdən, ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər.”
Münaqişənin həlli ilə bağlı Azərbaycan cəmiyyətində həmişə bir fikir hakim olub: düşmən torpaqlarımızdan çıxarılmalıdır. Artıq münaqişə həll olunub. Azərbaycan Ordusunun qəhrəmanlığı, Azərbaycanın dövlət başçısının dəmir iradəsi, dəmir yumruğu ilə. Biz təkcə müharibəni udmamışıq, həm də Ermənistan ordusunun 80 faizini məhv etmişik. Biz torpaqlarımızı düşmənlərdən azad etmişik. Bu qələbə həm də 200 il ərzində silsilə şəklində ərazilərimizin itirilməsinə bir son deməkdir.


Sübhan Xəlilov,
Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllimi, YAP fəalı

Oxşar xəbərlər