Qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı

Qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı
İşğala son qoyuldu. Nəhayət....Düz 30 il il həsrətində olduğumuz, yuxularımızı əlimizdən alan, məğlub millət kimi hər an bizi Böyük Qələbəyə qovuşduracaq,başımızı dik tutduracaq müqəddəs gün gəlib çatdı. Vətənimizin daşını, torpağını, suyunu, havasını bütövləşdirmək, uzun illər ayrılıq naləsi çəkən, Azərbaycan deyib fəryad qoparan Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Ağdamı, Kəlbəcəri və Şuşanı "yaralı qartalın" özünə qaytarmaq üçün ayağa qalxdıq. Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.
Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Hərbi əməliyyatların aparılmasında Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin komanda idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirilməsi barədə məlumatlar ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğurdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.
Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya aktını imzalamaqdan başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər.

Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin
müəllimi Günel Babayeva

Oxşar xəbərlər