Yenicə müstəqillik qazanmış və ağır müharibədən sonra atəşkəs əldə etmiş dövlətin inkişafının əsas sütunlarından olan təhsilin inkişafı ulu öndərin çox vacib hesab etdiyi məsələ idi

Yenicə müstəqillik qazanmış və ağır müharibədən sonra atəşkəs əldə etmiş dövlətin inkişafının əsas sütunlarından olan təhsilin inkişafı ulu öndərin çox vacib hesab etdiyi məsələ idi
Ulu öndərimiz Heydər Əliyev əvəzolunmaz fəaliyyətinin bütün dövrlərində gənclərimizdə milli-mənəvi keyfiyyətlərin formalaşmasını, onların vətəndaşlıq tərbiyəsini hər zaman ön plana çəkirdi. İstər sovet dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə istərsə də müstəqillik illərindəki rəhbərliyi dövründə bu onun üçün ən ümdə məsələ idi. Gənclərin Vətənə, xalqa məhəbbət ruhunda tərbiyələnməsini, tariximizlə, mədəniyyətimizlə bağlı biliklərə yiyələnməsini zəruri hesab edirdi. Ona görə də tez tez ölkənin təhsil ictimaiyyəti ilə görüşlər keçirilir və mühüm qərarlar qəbul edilirdi. Belə görüşlərin biri də 31 avqust 1994-cü ildə keçirilən görüş idi. Yenicə müstəqillik qazanmış və ağır müharibədən sonra atəşkəs əldə etmiş dövlətin inkişafının əsas sütunlarından olan təhsilin inkişafı ulu öndərin çox vacib hesab etdiyi məsələ idi. Buna görə də təhsil işçiləri ilə görüşdən keçən qısa müddətdə vahid konseptual sistemə əsaslanmaqla məzmunu taleyüklü ümumxalq məsələsi olan orta təhsildə tədris olunan fənlər yenidən müəyyənləşdirildi. Gəncləri kamil mənəviyyatlı, vətənpərvər və milli xüsusiyyətləri özündə daşıyan yüksək əxlaq və mənəvi keyfiyyətlərə malik nəsil kimi yetişdirmək missiyasına məsuliyyətlə yanaşan ulu öndər demişdir: "Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, o, millətinə olan münasibətilə istənilən səviyyədə fəxr edə bilməz".
Orta məktəb şagirdi ümumiyyətlə, həyata hazırlayırsa, ali məktəb tələbəni bir sahənin mütəxəssisi və ya peşəkarı kimi yetişdirir. Eyni zamanda ali məktəb müəyyən ixtisas sahəsində ancaq bilik, məlumat, informasiya verməklə kifayətlənməməli, onların bir vətəndaş olaraq yetişməsi, siyasi və hüquqi mədəniyyətlərinin formalaşması üçün fəaliyyət göstərməlidir. Həmin dövrdə mövcud olan ali məktəblər şəbəkəsi və tədris olunan ixtisaslar sovet təhsil sistemindən qalma idi. Yuxarıda qeyd etdiyimiz kimi, yeni tələblərə cavab verən müasir ixtisaslar üzrə kadr hazırlığı üçün Təhsil Qanununun müddəalarından irəli gələn, təhsil konsepsiyasında müəyyənləşdirilən tələblərə uyğun olaraq milli ali təhsil sistemində də köklü islahatlar aparılmalı, ciddi struktur dəyişiklikləri edilməli idi. Milli təhsilin ali və orta ixtisas təhsili mərhələsində ciddi dönüş yaratmaq üçün, ilk növbədə, yaradılacaq yeni təhsil müəssisələrində tədrisin müasir tələblər səviyyəsində təşkilindən daha vacib sağlam mənəvi iqlimin yaradılması idi. Çünki ali və orta ixtisas məktəblərinin statusunun dəyişdirilməsi, yeni tipli məktəb, fakültə və ixtisasların yaradılması özlüyündə hələ heç nə vəd etmirdi. Məktəbləri ümumi şəkildə desək, qeyri-sağlam mənəvi mühitdən qurtarmaq üçün sağlam rəqabət atmosferinin yaradılması zəruri idi. İlk mərhələ kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması təqdirəlayiq hal kimi qiymətləndirilməklə bu sahədəki işlər daha da təkmilləşdirildi. Obyektivliyin tam təmin edilməsi naminə texniki təminat gücləndirildi, səlahiyyətlər genişləndirildi. Ali məktəblərə qəbulun tam test sisteminə keçirilməsi, qabiliyyət tələb edən peşə və ixtisasların da bu sahəyə daxil edilməsi, bir sözlə, bütün təşəbbüslərin ölkə miqyasında vahid mərkəzdə cəmlənməsi üçün zəruri tədbirlər görülürdü. Bu tədbirlərin nəticəsini bu günlərdə də görməkdəyik. Azərbaycan gəncliyi bu gün dünyaya inteqrasiya edə bilən və əldə etdiyi nailiyyətlərlə xalqımızı qürurlandıran uğurlar qazanır. Şübhə yoxdur ki, əsasını ulu öndərimiz Heydər Əliyevin qoyduğu gənclər siyasəti bundan sonra da ölkəmizin işıqlı inkişaf yolunda əmin addımlarla irəliləməsinə təkan verəcəkdir.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev



Oxşar xəbərlər