
Ümummilli lider Heydər Əliyev hələ SSRİ dövründə rəhbər vəzifələrdə işlədiyi vaxtlarda Azərbaycan dilinin qorunub saxlanılması üçün gərgin mübarizə aparıb. Sovet təbliğat maşını 1970-ci illərin ortalarından başlayaraq digər respublikaların dili məsələsini müzakirəyə çıxartmışdı. Rəsmi Moskva bu respublikalardakı milli təfəkkürü sıxışdırmaq, məhv etmək üçün yeni Konstitusiya hazırlamışdı. "Fəhlə-kəndli" hökuməti vahid dilə keçmək istəyirdi. Bu, bir növ ananın balasından ayrılmasına bərabər idi. 100 illər boyu xalqın qanına,damarına, mənliyinə, təfəkkürünə , kimliyinə hopmuş doğma dili yadlaşdırmaq, başqa dillə əvəz etmək istəyirdilər. Sovet ideyalogiyası gələcəyə hesablanmış öz mənfur niyyətini həyata keçirmək istəyirdi. Əvvəlcə Naxçıvanı Azərbaycandan ayırdılar. Burdakı tarixi torpaqlarımız Ermənistana verildi. İndi isə Azərbaycan dilinə böyük zərbə vurmağa hazırlaşırdılar. Lakin Ulu Öndər Heydər Əliyev hər şeyin fərqində idi. O bilirdi ki, Moskvanın burada əsas məqsədi nədir. Həmdə o dövrdə belə bir məsələni müdafiə eləmək xüsusi cəsarət tələb edirdi. Rəsmi Moskvanın bu açıqlamalara hansı reaksiyanı verəcəyini proqnozlaşdırmaq da mümkün deyildi. Çünki 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Belə bir həssas məsələdə Ulu Öndər Heydər Əliyev cəsarətli mövqe nümayiş etdirərək dövlət dili uğrunda mübarizə apardı. Bütün qüvvələri səfərbər etdi. Ümummilli lider Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verib. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Nəhayət Azərbaycan müstəqilliyini qazandıqdan sonra 1995-ci ildə yeni Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər, fikirlər irəli sürüldü. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Azərbaycan dilinin qorunması ilə bağlı Prezident İlham Əliyev də bir sıra qərarlara imza atıb. Dövlət başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı.
Bu da bir reallqıdır ki, Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bunun aradan qaldırılması ilə bağlı da dövlət başçısı aidiyyəti qurumlara tapşırığını verib.
Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Hər keçən il isə xarici ölkələrdə belə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı daha da artır.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova