Sahibkarlığa təsir etmək istiqamətində dövlət tərəfindən idarəetmə mexanizmləri yaradılır

Sahibkarlığa təsir etmək istiqamətində dövlət tərəfindən idarəetmə mexanizmləri yaradılır Prezident İlham Əliyevin cari ilin 11 iyul 2023-cü il tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı edib. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın qeyri-neft sektorunun inkişafı barədə də məlumat vermişdir.
Azərbaycanda ötən illərdə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son illərdə ölkədə qeyri-neft sektorunda artım 2.2 dəfədən çox olub. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bu tendensiyanın göstəricilərindən biri kimi, son 8 ildə ölkədə 1 milyondan yuxarı iş yeri yaradılıb və bunun böyük hissəsi məhz qeyri-neft sektorunda baş verib.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 45 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Azərbaycanla sıx tərəfdaşlıq edən Asiya İnkişaf Bankı da kənd təsərrüfatı və turizmi ölkədə qeyri-neft sektorunun inkişafının aparıcı istiqamətləri hesab edir. Bank hesab edir ki, regionlarda infrastrukturun yaxşılaşması, kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırılması və onlar üçün vergi güzəştlərinin saxlanması Azərbaycanda böyük potensiala malik olan kənd təsərrüfatı sahəsinin inkişafına yardım edir. Bankın hesablamalarına görə ölkənin turizm imkanlarından tam istifadə qeyri-neft ÜDM-inin artımına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir.
Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub.
Son illərdə respublikamızın iqtisadi inkişafı, turizmin perspektiv sahə kimi prioritet plana keçirilməsi bu sahənin qanunvericilik bazasında iqtisadi, hüquqi və sosial normalara uyğun təkmilləşdirilməsini zərurətə çevirmişdir. Bu gün ölkəmizdə sahə qanunları çərçivəsində turizm fəaliyyətinin hüquqi əsasları, turistlər, turist subyektləri, dövlətin funksiyaları, vəzifə səlahiyyətləri turizmin daxili qanunları və beynəlxalq qanunlarla idarə olunur. Turizmin dünya standartlarına yaxınlaşması, yeni texnologiyaların tətbiqi bu sahənin təşkilati-hüquqi və normativ bazasının yaradılmasına zəmin yaratmışdır.Respublikamızda turizmin regional, sahə və ərazi idarəetmə çərçivəsində təkmilləşməsi onun konsepsiyası, sosial-iqtisadi rolu və yeri, həm dövlət prioritetləri, həm də biznes maraqları baxımından müəyyən olunur. Sahibkarlığa təsir etmək istiqamətində dövlət tərəfindən idarəetmə mexanizmləri yaradılır, turizmin sferasının iqtisadi rolunu artırmaq, onun sosial mahiyyətini genişləndirmək və kommersiya gəlirləri əldə etmək üçün kompleks sistemli idarəetmə mexanizmləri tətbiq olunur.Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarında da ölkənin ayrı-ayrı regionlarında turizmin inkişaf etdirilməsi məqsədilə mehmanxanaların, turizm sanatoriya-kurort mərkəzlərinin, mədəniyyət abidələrinin, iaşə müəssisələrinin tikintisi, bərpası, həmçinin regionlarda turizm fəaliyyətinin dəstəklənməsi öz əksini tapmış və bu da 2004-cü ildən başlayaraq respublikanın regionlarında turizmin genişləndirilməsinə güclü təkan vermişdir.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər