1941-1945-ci illərdə qazanılmış qələbədə Bakı nefti həlledici rol oynayırdı

1941-1945-ci illərdə qazanılmış qələbədə Bakı nefti həlledici rol oynayırdı
İkinci dünya müharibəsi, bəşər tarixində heç bir müharibə ilə müqayisə edilməyəcək dərəcədə dağıntılara, dəhşətlərə, fəlakətlərə yol açmış, insanlığın taleyində silinməz izlər buraxmışdır. XX əsrin ən dəhşətli müharibəsində 1.7 milyard insanın Yer kürəsi əhalisinin 80%-nin yaşadığı 61 ölkə iştirak etmişdir.
Faşist Almaniyasının Şərq siyasətində Qafqazın işğalı üçün tərtib edilmiş “Edelveys” planına görə Qafqaz beş işğal zonasına bölünmüşdü və onlardan biri də Azərbaycan idi. “Ost” planına görə Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman faşistlərinin sərəncamlarına verməli idilər.
1941-1945-ci illərdə qazanılmış qələbədə Bakı nefti həlledici rol oynayırdı. O zaman bütün SSRİ-də hasil edilən neftin təxminən dörddə üçü Bakının payına düşürdü. Müharibədə neft döyüş texnikasını həm quruda, həm havada, həm dənizdə hərəkətə gətirən əsas hərəkətverici qüvvə idi. Bunu dərk edərək, cəbhəni yanma keyfiyyətli yanacaqla fasiləsiz təmin etmək məqsədilə Bakı neftçiləri özlərinin bütün enerjisini sərf edirdilər. Bütün çətinliklərə baxmayaraq, 1941-ci ildə Bakı şəhəri artıq ölkənin neft sənayesi tarixində rekord həcmdə 23-milyon 541 min ton neft istehsal etmişdi. Bu bütün SSRİ-də istehsal olunan neftin 71.4 faizi demək idi. Müharibə illərində Azərbaycan neftçiləri keçmiş SSRİ-yə 75 milyon ton neft, 22 milyon ton benzin, sürtkü yağı və başqa neft məhsulları göndərmişdilər. Təkcə onu demək kifayətdirki, müharibədə hər beş təyyarədən dördü, hər beş tankdan dördü Bakıdan göndərilən yanacaqla işləyirdi.
Ölkəmizdə müharibə veteranlarına göstərilən qayğı və diqqət ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. Müharibə veteranlarına, əlillərinə, həlak olmuş və sonralar vəfat etmiş döyüşçülərin həyat yoldaşlarına, müharibə vaxtı arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması, Qələbə günü hər il müharibə veteranlarının təbrik edilməsi, onlara verilən birdəfəlik yardımlar ölkə prezidentinin sərəncamları əsasında həyata keçirilmişdir.
1941-1945-ci illər müharibəsində xalqımızın göstərdiyi qəhrəmanlığı, mərdliyi, mətn və əzmli gənclərdən ibarət müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirdi. Bu nəsillər arasında varislik ənənələrinin davamı, milli ruhun, həmrəyliyin qələbəsi idi.


Nardaran qəsəbəsi, 130 saylı tam orta məktəbin
direktoru Samirə Əliyeva

Oxşar xəbərlər