Vətən müharibəsi dövründə də Qazağıstan dövləti yanımızda olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib

Vətən müharibəsi dövründə də Qazağıstan dövləti yanımızda olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib
Azərbaycanın xarici siyasi əlaqələrində Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlər mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazağıstandır.
Qazağsıtan – Azərbaycan əlaqələri dərin tarixi köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Hər iki xalq həm çar Rusiyası, həm də sovet rejimi dövründə vahid mərkəzdən idarə olunublar. Qazağıstan Respublikasında təqribən 300 minədək azərbaycanlı yaşayır. Onların əksəriyyəti Sovet imperiyası rəhbərlərinin xalqımıza qarşı apardığı repressiya siyasətinin qurbanı olaraq, XX əsrin 40-cı illərində buraya sürgün ediliblər.
Azərbaycan - Qazağıstan münasibətlərinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyevi və Nursultan Nazarbayevi möhkəm dostluq əlaqələri birləşdirirdi. Bu dostluq əlaqələri ümummilli liderimizin hələ Moskvada – sovet rəhbərliyində çalışdığı zaman başlamış və davam etmişdir. Nursultan Nazarbayev daim öz fəaliyyətində ulu öndərin siyasətindən bəhrələnmiş və onun tövsiyyələrinə qulaq asmışdır. Nursultan Nazarbayev bildirmişdi ki, Heydər Əliyev nəinki Qazağıstanla Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına, həmçinin digər postsovet dövlətləri arasındakı əməkdaşlığın genişlənməsinə də təkan verib.
Prezident Heydər Əliyev müstəqil Azərbaycanın rəhbəri kimi bir neçə dəfə Qazağıstan Resbublikasında rəsmi səfərdə olub. Dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verib, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da geclənməsinə xidmət edib. Bu dostluq münasibətləri Ulu öndərin siyasi kursunun davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Azərbaycan - Qazağıstan əlaqələrinin möhkəmlənməsində ölkə başçımızın 10 aprel 2023-cü ildə Qazağıstan Respublikasına səfərinin də mühüm əhəmiyyəti var. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib və bir çox mühüm sənədlər: “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum” və bu kimi bir neçə sənəd imzalanıb.
Vətən müharibəsi dövründə də Qazağıstan dövləti yanımızda olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Qazağıstanın Azərbaycandakı səfirlyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib. Qazağıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü də iki xalq arasındakı dostluğun rəmzidir.
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Pirşağı qəsəbəsi, 12 saylı tam orta məktəbin
Tarix müəllimi Şahnaz Quliyeva

Oxşar xəbərlər