Ağ Ev İrəvandan sülh sazişi tələb edir: ABŞ-dan Ermənistana sanksiyalar mesajı verilib

Ağ Ev İrəvandan sülh sazişi tələb edir: ABŞ-dan Ermənistana sanksiyalar mesajı verilib ABŞ və Qərbin Ermənistana münasibəti neqativə doğru yönəlir, rəsmi İrəvanın Rusiyaya sanksiyalardan yayınmağa şərait yaratdığı təkzibolunmaz faktlarla təsdiqlənib... ABŞ-dan və Avropa Birliyindən diplomatik kanallarla rəsmi İrəvana Ermənistanın sanksiyalara məruz qala biləcəyi barədə sərt xəbərdarlıq mesajları artıq çatdırılıb, Paşinyan hakimiyyətinə sülh sazişi şərti irəli sürülüb...
ABŞ və Qərb Cənubi Qafqazda sülh prosesini bərpa etməyə çalışır. Rusiya, Fransa və Ermənistanın ortaq təxribatları ilə bloklanmış sülh danışıqlarının pozulması Qərbin regional hədəfləri qarşısında əsas əngəllərdən biri hesab olunur. ABŞ və Qərbin qənaətinə görə, Cənubi Qafqazda hərbi-siyasi gərginliyin artan xətt üzrə inkişaf etməsi məhz Rusiyanın geopolitik mövqelərinin qorunmasına münbit şərait yaradır.

Ona görə də, Qərb siyasi dairələri son vaxtlar sülh prosesinin bərpası istiqamətində daha fəal mövqedən çıxış etməyə başlayıblar. Bəzi məlumatlarta görə, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel hazırda yenidən Brüssel görüşlərinin keçirilməsi üçün həm Azərbaycan, həm də Ermənistanla müzakirələr aparır. Bununla belə, hələlik Brüssel prosesinin bərpasına yönəlik irəliləyiş olmasından danışmaq bir qədər çətindir.

Ancaq ABŞ-ın bu məsələdə Avropa Birliyi Şurasından bir addım öndə olması ilə bağlı da kifayət qədər ciddi məlumatlar mövcuddur. Həmin məlumatlara görə, ABŞ-ın dövlət katibi Entoni Blinken Cənubi Qafqazda sülh prosesinin bərpasına böyük önəm verir və bu istiqamətdə israrlı cəhdlər göstərir. Hətta iddia olunur ki, məhz Entoni Blinkenin qətiyyətli davranışları sayəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüşün məhz ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilə bilər. Və həmin görüşün may ayının ikinci ayında keçirilə biləcəyi də iddialar arasında yer alır.

Ağ Ev İrəvandan sülh sazişi tələb edir: ABŞ-dan Ermənistana sanksiyalar mesajı verilib


Belə anlaşılır ki, son vaxtlar Rusiyaya yaxınlaşmağa can atan Ermənistan indi ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları masasına geri qayıtmaq məcburiyyətində qala bilər. Halbuki Ermənistan ötən ilin sonlarından indiyə qədər sülh prosesindən mümkün qədər uzaqlaşmağa çalışırdı. Hətta rəsmi İrəvan müxtəlif bəhanələrlə əvvəlcədən razılaşdırılmış yüksək səviyyəli görüşlərdən belə, yayınırdı. Və bununla da Cənubi Qafqazda sülh prosesini müvəqqəti də olsa, bloklayaraq, vaxt qazanmağa cəhd göstərirdi.

Ancaq rəsmi İrəvanın ümidləri özünü doğrultmadı. Ermənistan bu müddət ərzində vaxt qazanmaq əvəzinə, daha çox vaxt itirmiş oldu. Cənubi Qafqazda geopolitik proseslər Ermənistanın əleyhinə yönəlməyə başladı. Hətta Azərbaycan ordusu əlavə hərbi-strateji üstünlüklər qazandı, Ermənistanı küncə sıxışdırmağa nail oldu. Və belə vəziyyətdə sülh danışıqlarından yayınmaq taktikası rəsmi İrəvan üçün “geopolitik intihar” təhlükəsi də yaradır.

Ona görə də, indi sülh danışıqları Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. Rəsmi Bakı öz hədəflərini Azərbaycan ordusunu hərəkətə gətirməklə, davamlı olaraq, reallaşdırır. Ermənistan isə buna hər hansı formada cavab verə bilmir. Üstəlik, ABŞ və Qərb də Ermənistana rəsmi İrəvanın umduğu səviyyədə dəstək verməyə qətiyyən həvəs göstərmir. Avropa Birliyinin Ermənistandakı mülki missiyası isə Azərbaycanla münasibətlərin daha da korlana biləcəyindən ehtiyatlanaraq, özünün fəaliyyəti barədə rəsmi Bakını məlumatlandırır. Yəni, indi Ermənistanın sülh danışıqları masasına qayıtmaqdan başqa çıxış yolu qalmayıb.

Digər tərəfdən, ABŞ və Qərb Cənubi Qafqazdan Rusiyanın sıxışdırılıb, çıxarılması prosesini mümkün qədər sürətləndirməyə çalışır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bu prosesdə həlledici faktor rolunu oynayır. Ona görə də, indi məhz ABŞ Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşlərin keçirilməsində birbaşa maraqlıdır. Üstəlik, ABŞ bu görüşlərdən mütləq pozitiv nəticələr almaq niyyətində olduğunu da sezdirir. Yəni, hazırda ABŞ Cənubi Qafqazdakı sülh prosesində geopolitik təşəbbüsü Rusiyanın əlindən almış kimi görünür.

Ağ Ev İrəvandan sülh sazişi tələb edir: ABŞ-dan Ermənistana sanksiyalar mesajı verilib


Bütün bunları nəzərə aldıqda, gələn ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşün keçirilmə ehtimalı kifayət qədər inandırıcı təsir bağışlayır. Həmin görüşlərin Ağ Evin istəyinə uyğun olaraq, pozitiv nəticələr verə biləcəyi də qətiyyən istisna deyil. Və bu, indiki situasiyada Ermənistan üçün hadisələrin ən uğursuz inkişaf ssenarisi də hesab oluna bilər.

Bu baxımdan, hesab etmək olar ki, ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdakı geopolitik proseslərdən, xüsusilə də, Azərbaycan-Ermənistan sülh danışıqlarında vasitəçilikdən tamamilə kənarlaşdırmaqda israrlı davranır. Ona görə də, ABŞ və Qərb Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanmasında maraqlıdır. Üstəlik, bunun mümkün qədər tez bir zamanda baş verməsinə cəhd göstərir.

Ən əsasısa, Rusiyadan fərqli olaraq, ABŞ və Qərb Azərbaycan-Ermənistan yekun sülh sazişinin beynəlxalq hüquq normaları çərçivəsində reallaşdırılmasına üstünlük verir. Bu, Azərbaycanın maraqlarına tamamilə uyğundur. Çünki Azərbaycanın irəli sürdüyü sülh şərtlərində beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən heç bir məqam mövcud deyil.

Ağ Ev İrəvandan sülh sazişi tələb edir: ABŞ-dan Ermənistana sanksiyalar mesajı verilib


Rəsmi İrəvan isə bundan məyusdur, ona görə də son vaxtlar yenidən Rusiyaya yaxınlaşmaq istiqamətində müəyyən manevirlər etməyə çalışır. Ancaq istənilən halda, Ermənistan ABŞ və Qərbin vasitəçilik etdiyi sülh prosesini pozmağa cəsarət etməz. Rəsmi İrəvan buna yönəlik cəhdlərin hansı ağır nəticələri doğura biləcəyini də anlayır. Ona görə də, Ermənistanın sülh prosesinə qarşı müqavimətinin yaxın vaxtlarda tamamilə qırılacağı qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin birbaşa Ermənistana münasibətində müəyyən problemlər yaranmağa başlayıb. Belə ki, Qərb siyasi dairələri Ermənistanın Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa şərait yaratdığını artıq dəqiqləşdiriblər. Bu barədə çoxlu sayda təkzibolunmaz faktlar mövcuddur. Hətta ABŞ-dan və Avropa Birliyindən rəsmi İrəvana Ermənistanın sanksiyalara məruz qala biləcəyi barədə xəbərdarlıq mesajlarının verildiyi barədə də məlumatlar mövcuddur.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın ABŞ-ın vasitəçilik cəhdlərinə qarşı çıxmaq şansları ümudverici görünmür. Əksinə, indi Paşinyan hakimiyyəti beynəlxalq sanksiyalara məruz qalmaq təhlükəsindən yayınmaq üçün ABŞ-ın geopolitik maraqlarında olan sülh sazişini mümkün qədər tez bir zamanda imzalamaq barədə düşünməli olacaq. Bu baxımdan, Vaşinqton görüşünün regionda sülh prosesinin inkişafı ilə bağlı yeni mərhələyə keçid addımı ola biləcəyi də qətiyyən istisna deyil.(Musavat.com)

Oxşar xəbərlər