Paşinyan dilemma qarşısında qalıb: Ya sülh sazişi, ya da Zəngəzur itkisi…

Paşinyan dilemma qarşısında qalıb: Ya sülh sazişi, ya da Zəngəzur itkisi… Yaxın gələcəkdə Ermənsitan üçün əsas gündəm mövzusu məhz Zəngəzur problemi olacaq… İndi rəsmi İrəvan üçün tez-tələsik sülh sazişinin imzalanması Ermənistanı bu təhlükədən müəyyən müddət ərzində yayındıra biləcək yeganə alternativ varianta çevrilməyə başlayıb…

Musavat.com bildirir ki, Ermənistan cəmiyyətində panik durum hökm sürür və üstəlik, bu, hər ötən gün daha da dərinləşir. Əksər erməni siyasətçilər gələcəyə yönəlik pessimistdirlər. Onlar anlayırlar ki, Ermənistan Azərbaycan ərazilərini məhz Rusiyanın hərbi və siyasi dəstəyi ilə işğal edə bilmişdi. Son 30 il ərzində də Azərbaycan ərazilərini məhz elə Rusiyanın dəstəyi ilə işğal altında saxlaya bilmişdilər.

Ancaq bu müddət ərzində Azərbaycan dövləti inkişaf edib, müasir və güclü ordu qurub. Ermənistan isə yalnız Rusiyaya ümid bəsləyib, inkişafa doğru hər hansı addım atmayıb. Üstəlik, indi Rusiyanın dəstəyi də demək olar ki, yoxdur. Hətta olsa belə, Kremlin dəstəyi artıq Azərbaycanın hədəflərinə müqavimət göstərilməsi baxımından, qətiyyən yetərli deyil.
Eyni zamanda, Cənubi Qafqazda geopolitik vəziyyət də ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişib. 44 günlük II Qarabağ savaşından və bir müddət öncə reallaşdırılan “Qisas” antiterror əməliyyatından sonra bu region Azərbaycanın siyasi iradəsi altındadır. Və indi Cənubi Qafqazda geopolitik şərtləri məhz rəsmi Bakı diqtə edir.

Digər tərəfdən, Azərbaycanın hərbi-strateji müttəfiqi, NATO-nun ən güclü iki üzvündən biri olan Türkiyə də Cənubi Qafqaza artıq yerləşməyə imkan tapıb. İndi Azərbaycan-Türkiyə bu regionda hakimi-mütləq statusuna sahibdir. Azərbaycanın enerji resurslarına ciddi ehtiyac duyan ABŞ və Qərb də Cənubi Qafqazda Türk İttifaqının maraqları ilə hesablaşmaq məcburiyyətindədir.

Nəhayət, Cənubi Qafqazda həmişə güclü təsir mexanizmlərinə sahib olmuş Rusiyanın regional maraqları da sürətlə dəyişməyə başlayıb. Çar Rusiyası dövründə Türk dünyası çöğrafiyasında “tampon bölgə” kimi önəm daşıyan “erməni faktoru” son vaxtlar Kreml üçün ciddi problemlər yaradır. Kremlin hətta “erməni faktoru”ndan xilas olaraq, Türk dünyası ilə daha sıx iqtisadi-ticari əməkdaşlıq münasibətləri qurmağa hazırlaşdığı barədə də müəyyən məlumatlar var.

Təbii ki, bütün bunlardan Ermənistanın siyasi elitası da xəbərdardır. Ermənistan cəmiyyətində mövcud olan qorxu və xofun əsas səbəbləri də məhz bu önəmli amillə bağlıdır. Çünki, rəsmi İrəvanın müəyyən ümidlər bəslədiyi ABŞ və Qərbin qarşısını həm Türkiyənin regiondakı mövqeləri, həm də Azərbaycanın enerji potensialı kəsir.

Digər tərəfdənsə, Rusiya Ermənistana yönəlik himayə ənənəsindən imtina etməyə başlayıb. Hazırda Ukrayna savaşında zəifləmiş Kreml Cənubi Qafqazda itirmək təhlükəsi ilə üzləşdiyi mövqelərinin ABŞ və Qərbin əlinə keçə biləcəyindən narahatdır. Ona görə də, Rusiya Cənubi Qafqazdakı mövqelərini Türkiyəyə ötürməkdə daha çox maraqlıdır. Belə olacağı təqdirdə, Kreml normal münasibətlərə malik olduğu və etimad etdiyi Azərbaycan-Türkiyə İttifaqının sayəsində Cənubi Qafqaz bölgəsindən Rusiyaya qarşı yönələcək gələcək təhlükələri bloklaya bilər.

Nəzərə almaq lazımdır ki, son bir ay ərzində Türkiyənin Rusiyaya məhsil ixracı artıq 750 milyon dollar həcminə yaxınlaşıb. İndiki situasiyada Türkiyə ilə belə iqtisadi-ticari tərəfdaşlıq Rusiya üçün taleyüklü xarakter daşıyır. Eyni zamanda, Kreml Rusiyanın enerji resurslarını yaxın gəlcəkdə məhz Türkiyə üzərindən dünya bazarlarına çıxarılmasının planlarını qurur. Yəni, Türkiyə Rusiya üçün strateji tərəfdaşa çevrilmək üzrədir.

Ona görə də, Ermənistan cəmiyyətində də artıq tam əmindirlər ki, Azərbaycan zaman keçdikcə, daha da güclənir və həm regionda, həm də ümumiyyətlə, dünyada mövqelərini möhkəmləndirir. Bu isə o deməkdir ki, rəsmi Bakı istənilən halda, Azərbaycana aid bütün əraziləri mütləq geri alacaq. Ermənsitan isə buna əngəl ola bilməyəcək.

Təbii ki, belə vəziyyətdə ermənilər Azərbaycan ərazilərini işğal altında saxlamağın yolları barədə deyil, Ermənistanın mövcudluğunu qorumaq haqda düşünmək məcburiyyətindədirlər. Çünki yaxın gələcəkdə Ermənsitan üçün əsas gündəm mövzusu məhz Zəngəzur problemi olacaq. Rəsmi Bakı tarixi sənədlərə və faktlara istinadən, Ermənistan qarşısında Zəngəzur məsələsini artıq ciddi şəkildə qaldırmağa başlayıb. Yəqin ki, bu baxımdan, Azərbaycan və Ermənistan arasında tam normal münasibətlər də məhz Zəngəzur problemi həll edildikdən sonra mümkün ola bilər.

Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə “Demarkasiya və delimitasiya prosesi ilə bağlı təhlükələr var” deməklə, bu reallığı etiraf edib. Erməni baş nazir rəsmi Bakının Zəngəzurla bağlı qərar və mövqeyindən ciddi şəkildə narahat olduğunu gizlədə bilməyib: “Azərbaycan beynəlxalq platformalarda Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir. Amma “Şərqi Zəngəzur” ifadəsi işlədilirsə, təbii ki, “Qərbi Zəngəzur” da var. Bütün bunların içində gizli iddialar var”.

Məsələ ondadır ki, baş nazir N.Paşinyanı hazırda ən çox Azərbaycan-Ermənistan sərhədlərinin hansı xəritələrə istinadən demarkasiya və demilitasiya olunacağı daha çox narahat edir: “Azərbaycanda belə bəyanatlar var ki, məsələn, müəyyən ilin xəritəsi Zəngəzurun “qanunsuz olaraq, Ermənistana verildiyini”, yaxud bəzi yaşayış məntəqələrinin “qanunsuz olaraq, Ermənistana verildiyini” “təsdiq edir”. Bu, dağıdıcı yanaşma olmaqla yanaşı, Azərbaycanın daxili təhdidlərini və ambisiyalarını da ortaya qoyur. Biz irəli getməliyik və demarkasiya, delimitasiya məsələsini həll etməyi bacarmalıyıq, Qarabağ məsələsinin həllini tapmağı bacarmalıyıq”.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan ciddi şəkildə narahat olması ilə yanaşı, həm də erməni diasporuna Zəngəzurun da əldən çıxa biləcəyini anlatmağa çalışır. Böyük ehtimalla o, erməni diasporuna demək istəyir ki, Ermənistanın Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamasına müqavimət göstərilməsi daha təhlükəli vəziyyət yarada bilər.

Əgər, rəsmi İrəvan sülh sazişinin imzalanması ilə bağlı vaxtı uzadarsa və şansı qaçırarsa, Azərbaycanın Ermənistandan Zəngəzuru geri tələb etməsi qaçılmaz xarakter daşıya bilər. Ona görə də, indi rəsmi İrəvan yalnız tez-tələsik sülh sazişini imzalamaqla, Ermənistanı bu təhlükədən müəyyən müddət ərzində yayındıra bilər. Yəni, Paşinyan hakimiyyətinin qarşısında hazırda ya sülh sazişi, ya da Qərbi Zəngəzurun itirilmə təhlükəsi ilə bağlı ciddi dilemma var. Və Ermənistanın gələcək taleyi məhz rəsmi İrəvanın bu iki variantdan hansını seçəcəyindən birbaşa asılı olacaq.

Oxşar xəbərlər