
Əsrlərdən bəri günahsız insanların ölümünə bais olan müstəmləkəçi fransızlarla işğalçı ermənilərin insanlara nifrəti hər iki millətin genlərindən qaynaqlanan xarakterləridir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistana açıq dəstək verən dövlətlərdən biri də İrandır.Müharibənin gedişində dəfələrlə İran-Ermənistan sərhədində yük maşınları ilə hərbi təyinatlı məhsulların daşınmasını əks etdirən videogörüntülər yayılmışdı. Digər tərəfdən, müharibə zamanı üçüncü ölkələrin Ermənistana göndərdiyi hərbi yardım da Gürcüstanın hava məkanını bağlaması səbəbi ilə İran ərazisindən Ermənistana çatdırılırdı.Birinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə İran Ermənistan üçün siyasi, hərbi və iqtisadi “nəfəslik” funksiyalarını üzərinə götürmüşdü.Təbii ki, Tehran rəsmi səviyyədə ermənipərəst siyasətini inkar edir, tərəfləri sülhə çağıran, danışıqlarda vasitəçi olmaq istəkləri ilə bağlı qeyri-səmimi və gözdən pərdə asmaq üçün açıqlamalar verirdi.
Ordumuzun şanlı qələbəsinə mane ola bilməyən İran bu dəfə Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etməməyə, Azərbaycanın uğurunun təsirini uzaq perspektivdə azaltmağa çalışdı. Göründüyü kimi, İran Qafqaz istiqamətində Azərbaycana qarşı qərəzli, praqmatik yanaşmadan çox emosiyalara və qorxuya əsaslanan xarici siyasətini davam etdirir. İstər İkinci Qarabağ müharibəsi zamanı, istərsə də ondan sonra keçən dövr ərzində Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqe tutdu.Ermənistanın 30 illik işğalı dövründə ağzına su alıb oturan Avropa parlamentariləri 2020-ci ildən sonra böyük canfəşanlıqla obyektivlikdən, beynəlxalq hüquqdan uzaq bəyanatlar verirlər. Avropa parlamentariləri 2022-ci il martın 10-da "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" kağız parçasını əvəz edən qətnamə qəbul etdi. Qəbul edilmiş qeyri-obyektiv qətnamələrin bir hüquqi və siyasi qiyməti olmasa da, bu qurum öz nüfuzunu ayaqlar altına atır. Avropa Parlamentinin müasir səlib yürüşlərini xatırladan bəyanatlar verməsi müsəlman irsinə yönələn vandalizm aktlarına açıq-aşkar dəstəkdir.Heç kimə sirr deyil ki, erməni lobbisinin çətiri altında fəaliyyət göstərən parlamentarilərin hazırladıqları sənədlərin ilkin möhürü İrəvanda vurulur.Xalqların demokratik iradəsini təmin etmək adı ilə yaranan Avropa Parlamenti azərbaycanlılara gəlincə, hərəkətsiz qalaraq 250 mindən çox insanın doğma yurd-yuvalarından zorla deportasiyasına etinasız qalır.
Prezident cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi : "İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı təzyiqlər oldu, Ermənistana isə yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar." Çox təəssüflər olsun ki, Vətən Müharibəsində Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulduğu, Ermənistanın Gəncə , Bərdə şəhərlərinin dinc əhalisinə qarşı terror hücumları təşkil etməsindən iki il keçsə də beynəlxalq təşkilatlar və dünya dövlətləri bütün bu olanlara susmaqda davam etməkdədir. Dünya ictimaiyyəti ikili standartlar mövqeyi sərgiləməkdə davam edir.Ermənistan tərəfinin mülki əhalimizi raket atəşinə tutumasına və min cür təxribatlara əl atmasına baxmayaraq Azərbaycan tərəfi əsl humanistlik nümunəsi nümayiş etdirdi. Ölkəmiz Vətən Müharibəsində 21-ci əsrin müharibəsini apardı. İkinci Qarabağ müharibəsi zamanı bir nəfər belə olsun sivil erməni vətəndaşının burnu qanamadı. Şanlı Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz qüdrəti və gücü ilə yanaşı humanistliyini də sübut etdi.
Səidə Əliyeva,
Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP fəalı