Qarabağımızda keçirilən Novruz adətləri insanlar arasında bərabərlik, sülh bayramını qeyd etməklə yanaşı, həmçinin milli və bəşəri dəyərlərimizi özündə əks etdirir

Qarabağımızda keçirilən Novruz adətləri insanlar arasında bərabərlik, sülh  bayramını qeyd etməklə yanaşı, həmçinin milli və bəşəri  dəyərlərimizi özündə əks etdirir
Ömrümüzün təxminən otuz ili “Gün o gün olsun ki, Novruz tonqallarımız işğaldan xilas ediləcək Qarabağda-Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında...alovlansın” arzusuna “İnşallah” deyib diləməklə keçdi. Nəhayət ki, həmin gün, həmin vədə yetişdi. Məhz 2020-ci il “8 Noyabr Zəfərimiz”lə - Ali Baş Komandanın müdrik siyasəti və qüdrətli ordumuzun səyi nəticəsində doğma vətənimiz Azərbaycanımızın dilbər guşəsi-Qarabağımız düşmən əsarətindən azad olundu.
Nə xoş bizə, artıq Qarabağ torpaqlarımızda isti ocaqlar yanır və yanacaq, torpaqlarımız abadlaşır və abadlaşacaq və bayram ab-havası, doğma diyar xanəndələrinin bülbül avazlı səsi ilə oxunan musiqilərimizin sədası daim gələcək və xalqımızın bayram sevinci hər zaman duyulacaq.
Novruzun bizim ən qədim və zəngin bayramlarımızdan biri olduğunu klassik poeziyamızdan gətirdiyimiz nümunələrlə sübut edə bilərik. N.Gəncəvinin “İskəndərnamə” poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini və dilbər guşəmizin insanlarının necə qonaqpərvər olduğunun təsdiqidir.
Qarabağımızda keçirilən Novruz adətləri insanlar arasında bərabərlik, sülh bayramını qeyd etməklə yanaşı, həmçinin milli və bəşəri dəyərlərimizi özündə əks etdirir. Bunu Qarabağ elimizin məşhur olduğu, bənzərsiz atlarının vasitəsilə keçirilən atçapma yarışlarını nümunə kimi qeyd edə bilərik. Həmin Novruz mərasimlərinin bu yamyaşıl, hüsnü dünyanı bəzəyən, gur çaylı, güllü-çiçəkli, doğma Qarabağ torpaqlarında keçirilməsi və xalqın birliyinin tərənnüm edilməsi hər zaman Azərbaycan xalqının ruhunu oxşayacaqdır.
Biz bayram əhval-ruhiyyəsini ilk dəfə “Xarıbülbül” festivalımızda vətən sevgisini, diyara vətənpərvərlik hissini, Qarabağımızın qələbəsi ilə duyğulanan cənab prezidentimizin qürur hissi ilə parlaq gözlərində müşahidə etdik, fərəhləndik.
Ümumilli lider H.Əliyevin inamla söylədiyi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki ,belə də olacaq. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm",- məqsədinə ümumilli liderin yolunu, istiqamətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin səyi sayəsində nail olduq.
Bununla da, bir daha bütün xalqlar bizim ölkənin iqtisadi gücünə, məğrur ordusuna və prezidentimizin müdrik siyasətinə heyran qaldı.
Bu gün mən də bir müəllim olaraq deyə bilərəm ki, biz müəllimlər bilik öyrətdiyimiz körpə balaların ilk addımlarından etibarən qəlblərində vətənpərvərlik toxumunu səpməli və gələcək məğrur əsgərlərimizlə daim fəxr etməliyik.
Qoy xalqın birliyini tərənnüm edən bu qədim bayram bundan sonra da inancımızı möhkəmləndirib, ruhumuzu əbədi səadətə səsləsin...
Sonda isə fikirlərimi möhtərəm prezidentimiz cənab İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm:
“Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Qəmərxanım Cəfərova


Oxşar xəbərlər