ZƏNGİN TARİXİ VƏ RƏNGARƏNG FOLKLORU ÖZÜNDƏ EHTİVA EDƏN NOVRUZ ADƏTLƏRİ

ZƏNGİN TARİXİ VƏ RƏNGARƏNG FOLKLORU ÖZÜNDƏ EHTİVA EDƏN NOVRUZ ADƏTLƏRİ Novruz bayramı öz mərasimlərinin, ayinlərinin, oyun-əyləncə, tamaşalarının zənginliyi ilə məşhur olan, seçilən, sevilən bayramlarımızdandır.
Novruzqabağı eldə-obada, hər kənddə hamının , hər evin təntənə ilə qeyd etdiyi dörd ilaxır çərşənbələrin hər birinin ayrı-ayrılıqda müxtəlif adları var. İlk çərşənbə Su çərşənbəsi adlanması bilavasitə su ilə bağlıdır. Su çərşənbəsi adətən havaların isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxtla üst-üstə düşür.
Qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Həmin çərşənbədə ev-eşik təmizlənir, pal-paltarın, xalça-palazın tozu tökülür.
İlin sonuncu çərşənbəsi-Torpaq çərşənbəsi Azərbaycanın hər yerində “İlaxır” çərşənbə adı ilə deyilir. İlaxır çərşənbədə hər ev, ailə tonqal yandırmalıdır. Yandırılan tonqalın üstündən ailənin bütün üzvləri hoppanmalı, bununla da köhnə ilin his-pasından , ağrı-acısından xilas olmalıdır.
“Papaq atmaq, “ Səməni əkmək”, “Qulaq falı”, “Tonqaldan tullanmaq”, “üzük falı”, “yumurta döyüşdürmək” və s. Novruz bayramının məşhur adətlərindəndir.
Novruz bayramı axşamında köhnə ilin tamam olması, təzə ilin başlamasına bir neçə saat qalmış bayram süfrəsi açılır. Bayram masasında xonça olması vacibdir. Xonçada səməni, ətrafında isə milli şirniyyatlarmızdan-yer kürəsinin 4 istiqamətini bildirən paxlava, ayı əks etdirən şəkərbura, günəş rəmzi sayılan qoğal, ayrı-ayrı rənglənmiş yumurtalar olmalıdır.
Xalqımızın milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışır, qohumlar bir-birini ziyarət edir, bayram süfrələri açılır. Novruz aşıqların, xalq müğənnilərinin konsertləri ilə keçirilən bayramdır. Kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, kosa və keçəlin iştiraki ilə əyləncəli tamaşalara göstərilir. Kosa qışın, Keçəl ilə yazın rəmzidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq doğma Qarabağımızda Novruz bayramını qeyd edirik.

Bakıxanov qəsəbəsi, 213 saylı orta məktəb-liseyin
direktoru Səbinə Əliyeva

Oxşar xəbərlər