Ağdam şəhəri erməni vəhşiliyinin canlı şahididir. İşğaldan azad olunmuş Ağdam şəhəri və ətraf kəndlər Azərbaycan xalqının mədəni irsinin və tarixi dəyərlərinin erməni vandalizminə məruz qalmasının acı nümunəsidir. Ermənistan silahlı qüvvələri bu şəhəri qəsdən dağıtmış, dini və mədəni abidələrimizi təhqir etmiş, qarət etmişdir. Ağdam şəhərinin dağıdılması təkcə torpaq itkisi deyil, həm də milli və mənəvi dəyərlərin məhvinə yönəlmiş vandallığın simvoludur. Erməni işğalı zamanı şəhərin bütün infrastruktur obyektləri dağıdılmış, məktəblər, xəstəxanalar və yaşayış binaları tamamilə məhv edilmişdir. Eyni zamanda Ağdam şəhərinin qədim mədəni irsi, tarixi abidələri, məscidlər və muzeylər təhqir olunmuş, vandalizm və qarət aktlarına məruz qalmışdır. Bu hadisələr yalnız Ağdamın deyil, bütün Azərbaycan xalqının tarixinin və mədəniyyətinin bir hissəsini itirməsinə səbəb olmuşdur. 2001-ci ilin aprelində ABŞ-ın Kaliforniya ştatının Ki-Uest şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında olan danışıqlardan sonra işğal altında qalan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal da Ağdamı dağıdılmış məscidin minarəsindən seyr edərkən ağlına ilk olaraq məhz Xirosima gəlmişdi. Həmin ərazilərdə qarşılaşdığı dağıntıları sonradan qələmə aldığı “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında təsvir edən jurnalist yazırdı ki, “Parlaq yaz günü idi, buradan hətta 100 kilometr şimalda ucalan Qafqaz dağlarının səfalı zirvələri aydın görünürdü. Bu mənzərəni seyr etmək əvəzinə, gözlərim aşağıdakı kiçik Xirosimada idi, yəni Ağdamda. Əvvəllər Ağdamın 50 min əhalisi var idi, indi isə bu ərazidə heç bir nəfər də qalmayıb. 1993-cü ildə ermənilər bu şəhəri ələ keçirdikdən sonra küçələri və evləri bir-bir talayıb dağıdıblar. Dağıdılmış evlərin yerlərini qanqal otları və böyürtkən kolları almışdı. Viranə qalmış şəhərə minarədən baxıb bir daha bu apokalipsisin səbəbləri haqqında düşündüm”. Ağdamın Xirosimaya bənzədilməsi isə təsadüfi deyildi. Çünki, Ağdam da Xirosima kimi darmadağın edilmişdi, mədəni iris, tarixi, keçmişi məhv edilmişdi. Xirosima hadisəsindən 4 il sonra Yaponiya höküməti Xirosimanın yenidən bərpası ilə bağlı qərarlar qəbul edir və bu şəhərin - “Sülh şəhəri”nin yenidən inşasına başlanılır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də Ağdamın yenidən qurulması ilə bağlı tapşırıqlar vermis və belə qeyd etmişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndlərini bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Cənab Prezidentin bu sözləri, həm xalqın ümidini, həm də dövlətimizin mədəni irsin qorunmasına verdiyi önəmi əks etdirir. Prezidentin rəhbərliyi altında həyata keçirilən bərpa proqramları, şəhərin yenidən inşası və tarixi abidələrin bərpası ilə bağlı layihələr gələcək nəsillərə sağlam və güclü mədəni irs çatdırmaq məqsədi daşıyır.Tarixi və mədəni dəyərlərin qorunmasında Ulu öndər Heydər Əliyevin siyasəti də xüsusi rol oynayıb.
Ulu öndər Heydər Əliyev həmişə Azərbaycanın tarixi torpaqlarının və mədəni irsinin qorunmasının vacibliyini vurğulamış, bu istiqamətdə strategiyalar müəyyən etmişdir. Onun yaratdığı müasir dövlət quruculuğu prinsipləri və mədəniyyət siyasəti bu gün də ölkəmizin inkişafında əsas rol oynayır. İşğaldan azad edilmiş Ağdamın bərpası yalnız fiziki infrastrukturun deyil, həm də tarixi və mədəni irsin yenidən dirçəlməsinin simvoludur. Bərpa edilən məktəblər, xəstəxanalar, məscidlər və digər ictimai obyektlər bölgənin sosial həyatını canlandıracaq, vətəndaşların həyat şəraitini yaxşılaşdıracaq. Ağdamın dirçəldilməsi həm gələcək nəsillər üçün əhəmiyyətli bir irs, həm də Azərbaycanın mədəni və mənəvi gücünü nümayiş etdirir. Bu bərpa prosesi Azərbaycan xalqının milli birliyini, mədəni dəyərlərə olan hörmətini və tarixi torpaqlarına bağlılığını göstərir. Ağdam şəhərinin yenidən qurulması yalnız regionun iqtisadi və sosial həyatını canlandırmaqla kifayətlənmir, həm də Azərbaycanın tarixi və mədəni irsinin qorunmasında böyük bir nümunədir.
Maştağa qəsəbəsi, 108 nömrəli tam orta məktəbin
təlim – tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova