Azərbaycan qadını da bu günün dəyər və anlamını dərk edir

Azərbaycan qadını da bu günün dəyər və anlamını dərk edir
8 Mart-Beynəlxalq Qadınlar Günü... Bəzi qadınlar üçün təqvimdə hər hansı bir özəlliyi ilə fərqlənməyən, bəziləri üçün hədiyyə gözlədiyi, bəziləri üçün isə qadın olduğu üçün özü ilə qürur duyduğu bir tarix... 1857-ci martın 8-də Nyu-York şəhərində yüzlərlə qadın öz haqqlarını dərk etmiş, aşağı maaşla uzun çalışma saatlarına etiraz etmişdir. 1908-ci il mart ayının 8-də isə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15000 qadın kişilərlə bərabər əmək haqqı, səsvermə hüququ, dekret icazəsi üçün etiraz etmişlər. Qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqinin, toxluğun, gül isə daha yaxşı bir həyat tərzinin simvolu sayılırdı. 1910-cu ildə Klara Setkinin təklifi əsasında 8 Mart Dünya Qadınlar Günü elan edilmişdir.
Azərbaycan qadını da bu günün dəyər və anlamını dərk edir. Ta əzəldən türk dünyasının qadına qoyduğu dəyər bir başqadır. Ana haqqı-Tanrı haqqına bərabər tutulmuşdur. Dastanlarımızda türk qadını at belində, döyüşdə təsvir edilir. Türk qadını müstəqildir, sözü keçəndir, insanlar ondan məsləhət alırlar. O, həmçinin ailəsinə bağlıdır, ailənin namusunu hər şeydən uca tutur. Azərbaycanın ilk diplomat qadını Sara xatun Ağqoyunlu hökmdarı Uzun Həsənin anası olmuşdur. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşər, ən məsul diplomatik danışıqlara onu göndərərdi. Onu təkcə Şərqdə deyil, hətta Avropada da tanıyırdılar. Venesiya Respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq bütün diplomatlara tapşırmışdı ki, ona xüsusi ehtiram göstərilsin.
Ziyalı Azərbaycan qadınlarından biri isə Hənifə xanım Məlikova olmuşdur. Biz onu təkcə Həsən bəy Zərdabinin həyat yoldaşı kimi tanımırıq. Hənifə xanım Məlikova yüzlərlə müsəlman qadınına işıq olmuşdur. 1908-ci ildə onun təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı” yaradılmışdır. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilmişdir. Hənifə Məlikova 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri kimi, 1909-1919-cu illərdə isə Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışmışdır. Onun həyat qayəsi türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuşdur.
Bu torpaqlarda Salatın Əsgərova, Gültəkin Əsgərova, Arəstə Baxışova kimi cəsur qadınlar da yetişmişdir. Vətən uğrunda gözlərini qırpmadan mübarizə aparmışlar. Eynilə “Kitabi-Dədə Qorqud” dastanındakı Burla Xatun kimi onlar da Vətən, xalq namusunu doğmalarından, hətta övladlarından da üstün tutmuşlar.
Sənətkarlarımız hər zaman Azərbaycan qadınını alnı açıq, başı dik görmək istəyir, ona dəyər verir. Azərbaycan qadınına şeirlər yazılmış, mahnılar bəstələnmişdir. Cəfər Cabbarlı “Sevil” əsərində qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir. Hətta bir çox qadın şəhərdəki teatrda “Sevil” tamaşasını izlədikdən sonra qapalı geyinməkdən imtina etmişdir. Dahi dramaturq Hüseyn Cavid isə misralarında hayqırmışdır:
Qadın! Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana,
Bu əsarət, bu həqarət nə rəva?!
Bəlkə də, Mikayıl Müşfiqin Dilbəri, Hüseyn Cavidin Müşkinazı, Cəfər Cabbarlının Sonası olmasaydı, onları bu qədər çox sevməzdik...

Balaxanı qəsəbəsi, 69 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva

Oxşar xəbərlər