Hafiz Məmmədov: 17 noyabrda başlayan xalqın birliyi və həmrəyliyi daha sonra milli azadlıq hərəkatına çevrildi

Hafiz Məmmədov: 17 noyabrda başlayan xalqın birliyi və həmrəyliyi daha sonra milli azadlıq hərəkatına çevrildi Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Hafiz Məmmədov - Ölkəmizdə Milli Dirçəliş Gününün 34 illiyi qeyd edilməkdədir. 1988-ci ilin əvvəlində erməni separatizminin baş qaldırmasından sonra Qarabağda, o cümlədən bölgənin səfalı guşəsi Şuşada vəziyyətin gərginləşdirilməsi, şəhərin yaxınlığında yerləşən Topxana meşəsinin vandalizmə məruz qoyulması 17 noyabr 1988-ci ildə Azərbaycanın paytaxtı Bakıda xalqın kütləvi etiraz aksiyası ilə nəticələndi. Topxana harayı ilə küçələrə axışan minlərlə Bakı sakini keçirilən izdihamlı mitinqdə törədilən vandalizmə etiraz olaraq oturaq aksiyaya başlanıldığını elan etdi.

Şuşanın Topxana meşəsində ağacların kəsilməsinə etiraz olaraq başlayan fasiləsiz aksiya indiki Azadlıq meydanında 1988-ci ilin 4 dekabrına qədər davam etdi. Mitinqin davam etdiyi müddətdə xalqın tələbi artıq təkcə Topxana meçəsində vandalizmin dayandırılması deyildi, Azadlıq meydanında gecələyən insanlar erməni separatizminə son qoyulması, respublikanını suverenliyinin bərpası, muxtar vilayətin statusunun ləğv edilməsi, ölkənin müxtəlif şəhərlərində elan edilən fövqəladə vəziyyət və komendant saatlarının ləğv olunması və digər tələblər irəli sürmüşdülər. Onu da qeyd etmək yerinə düşər ki, məhz həmin aksilara zamanı, noyabrın 19-da ilk dəfə üçrəngli bayrağımız meydanda dalğalandırıldı.

Sovet ordusunun qoşunları tərəfindən dekabrın 4-də gecə etiraz aksiyası güc tətbiqi ilə dağıdılsa da, o vaxt SSRİ və bütün dünya Azərbaycan xalqının mübarizə əzminin şahidi oldu. Belə ki, həmin uzunmüddətli aksiyaya görə Azərbaycan xalqı xarici mətbuat tərəfindən 1989-cu ildə “İlin xalqı” elan olunmuşdu. Hətta “Newsweek” jurnalı üz qabığında Bakının şəklini verərək, “Azadlıq üçün ayağa qalxan ilin xalqı” yazmışdı.

Eyni zamanda, 17 noyabrda başlayan xalqın birliyi və həmrəyliyi daha sonra milli azadlıq hərəkatına çevrildi. Sonrakı aylarda kütləvi etiraz aksiyalarının yeganə ünvanı məhz Azadlıq meydanı oldu. Həmin vaxtdan sonra oturaq askiya baş tutmasa da, demək olar ki, ən azı həftədə bir dəfə Bakının və rayonların əhalisi Azadlıq meydanında izdihamlı mitinqə toplaşırdı.

Xalqı həmin mitinqlərə cəlb edən sözsüz ki, respublikanın ərazi bütövlüyü, suverenliyinə qəsdə hesablanmış hadisələrin davam etməsi, erməni separatizminin gedərək terrorçuluğa çevrilməsi, Ermənistan ərazisində yaşayan soydaşlarımızın kütləvi şəkildə və son nəfərinə qədər deportasiya edilməsi, bu azmış kimi Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalinin də eyni təhlükə ilə üzləşməsi idi. Xalq mərkəzi və yerli hakimiyyətdən bu ədalətsizliyə son qoyulmasını tələb etdiyi halda, respublikanın səriştəsiz rəhbərliyinin acizliyi ucbatından nəinki Dağlıq Qarabağda sabitlik əldə edildi, əksinə vilayətin idarəçiliyi müvəqqəti olaraq birbaşa Moskvaya verildi. Belə ki, regionda “xüsusi idarə komitəsi” yaradılaraq, Qarabağ ermənilərin respublikanın tabeliyindən çıxarlmasına cəhdlər edildi. Yenə xalq hərəkatının təşkil etdiyi mitinqlərin sayəsində regionda yaradılmış qondarma idarəetmə sistemi 1989-cu ilin sonunda ləğv edildi.

Respublika əhalisinin birliyindən və mübarizə əzmindın vahiməyə düşən Qorbaçov hakimiyyəti 1990-cı ilin yanvarında Bakıda qırğın törədərək milli azadlıq hərəkatını boğmağa çalışdı. Lakin 20 Yanvar şəhidlərinin dəfnində xalqın nümayiş etdirdiyi birlik Azərbaycanda milli özünüdərkin, milli dirçəlişin dönməz və tam şəkildə həyata keçdiyini göstərdi. Millətin dirçəlişinin əsası məhz 17 noyabrda başlayan kütləvi etiraz aksiyalarında qoyulmuşdu. 1990-cı ilin yanvarından sonra meydanı boş görüb ayrı-ayrı siyasi təşkilatlar yaradan və bir çox hallarda xarici xüsusi xidmət orqanlarına alət olduqları şübhə doğurmayan bəzi şəxslərin bütün xalqın iştirakı ilə baş qaldıran milli azadlıq hərəkatını özəlləşdirmək cəhdləri də baş tutmayacaq. Çünki xalqın yaratdığı tarix hansısa saxta siyasi fiqurların iddialarını qəbul etmir.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasına qədər davam edən xalq hərəkatının kütləvi aksiyaları sonrakı illərdə müşahidə edilmədi. Biz bir də xalqın bu cür kütləvi şəkildə birliyi və həmrəyliyinin nümayiş etdirməsini 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd hadisələrində Ümummilli Lider Heydər Əliyevin çağırışı ilə milyona yaxın insanın bir gecədə Prezident Administrasiyanın binasının qarşısına toplaşması, ertəsi gün Azadlıq meydanında izdihamlı mitinqlə ona dəstək verməsi zamanı şahid olduq.

Onu da qeyd etmək yerinə düşər ki, Ümumilli Lider Heydər Əliyev milli özünədərkimizin əlamətdar tarixlərindən olan 17 noyabr Milli Dirçəliş Gününə hələ ikinci dəfə hakimiyyətə qayıtmazdan əvvəl də xüsusi önəm verirdi. Bunu 17 noyabr 1990-cı il tarixində Ulu Öndərin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ilk dəfə 1918-ci ildə qaldırılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması sübut edir.

Milli Dirçəliş Günündən başlanan xalq hərəkatımız beləcə əməli addımlarla müstəqilliyin bərpası, dövlətçiliyimizin möhkəmlənməsi üçün mühüm bünövrə oldu. Topxana meşəsinin harayı milli azadlıq mübarizəsinə yol açdı, eyni zamanda 17 noyabr tarixi xalqımızın birliyinin və həmrəyliyinin rəmzinə çevrildi.

Bu günlərdə Azərbaycan xalqı qazandığı tarixi Zəfərinin ikinci ildönümünü qeyd etdi. Azərbaycanın incisi sayılan Şuşada Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edərək bir daha dövlətimizə qarşı qərəzli siyasət aparanlara, məkrli planlar quranlara açıq şəkildə xəbərdarlıq etdi, mesajlar ünvanladı.

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını, Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklərini deyən Prezident qəhrəman övladlarımızın dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdığını, ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırdıqlarını bildirdi. “Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.

Vətən müharibəsinin başa çatmasından ötən qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin iqtisadi gücünün göstəricisidir. Hazırda Azərbaycan işğaldan azad edilmiş əraziləri sürətlə bərpa edir. Həmin ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur, hava limanları, elektrik stansiyaları, sosial binalar, yaşayış evləri inşa edilir, dəmir yolları, avtomobil yolları, tunellər tikilir, körpülər salınır, yaşayış məntəqələrimiz yenidən bərpa edilir. Sevinc hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin müəllifliyi ilə Qarabağ və Zəngəzur yenidən qurulur, Böyük Qayıdış proqramı uğurla icra edilir.

Beynəlxalq birlik ağır müharibədən çıxan Azərbaycanın çox qısa müddət ərzində işğaldan azad edilmiş ərazidə həyata keçirdiyi meqalayihələri heyranlıq və qısqanclıqla izləyir. Biz bu işləri heç kimin dəstəyi olmadan, yalnız öz gücümüzə reallaşdırırıq. Elə buna görə də Azərbaycanın regionda çox güclü, inkişaf etmiş və qüdrətli bir ölkə olduğunu görən bəzi qüvvələr bunu qəbul edə bilmir.

Azərbaycan bu müharibədə dostunu da, düşmənini də tanıdı. Çox təəssüflər olsun ki, bu gün də təcavüzkar Ermənistanı dəstəkləyən, Azərbaycana qarşı məkirli siyasət aparan ölkələr mövcuddur. Lakin Ermənistan anlamalıdır ki, bu kimi qüvvələrə arxayınlaşmaq onlar üçün fəlakət ola bilər. Prezidentin qeyd etdiyi kimi: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək”.

Oxşar xəbərlər