Bəkir Yusifov: Artıq iki ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur

Bəkir Yusifov: Artıq iki ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov - Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı - red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

Bəkir Yusifov: Artıq iki ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur


1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.

Artıq iki ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

Beləliklə, artıq iki ildir ki, azad olunmuş bütün ərazilər dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.

Azərbaycan Respublikası müstəqilliyinin ilk günlərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş və nəticədə beynəlxalq səviyyədə tanınmış əraziləri işğal olunmuş, həmin ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləmə həyata keçirilərək bütün azərbaycanlı əhali öz evlərindən zor gücünə qovulmuşdur.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi həm ayrı-ayrı dövlətlər tərəfindən ikitərəfli münasibətlərdə qəbul edilmiş sənədlərdə, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrdə öz əksini tapmışdır.

Azərbaycanın diplomatik səyləri nəticəsində beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə münaqişənin həlli ilə bağlı mövqelərdə ölkəmizin ərazi bütövlüyü tanınır və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiqlənir, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsi tələb olunur, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququ müdafiə edilirdi. Bunlar Azərbaycanın beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərinin və aparılan uğurlu xarici siyasətin nəticəsində mümkün olmuşdur.

Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində Azərbaycanın sərgilədiyi mövqe prinsipial xarakter daşımaqla beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmış və uzun illər ərzində davam edən proses çərçivəsində dəyişilməz qalmışdır. Təcavüzkar siyasətini davam etdirən Ermənistan isə danışıqlar prosesini ləngidərək, Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirmək məqsədini güdmüşdür.

Beləliklə də, Azərbaycanın münaqişənin siyasi həll yoluna sadiq olmasına baxmayaraq, Ermənistan tərəfindən açıq şəkildə təxribatçı və təcavüzkar hərəkətlərin nümayiş etdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpasını qaçılmaz etdi.

Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində zəfəri nəticəsində Azərbaycan beynəlxalq təşkilatların erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında həllinə çağıran qərar və qətnamələrini həyata keçirdi, 30 illik işğala son qoyuldu.

İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsi və işğal olunmuş torpaqları azad etməsi tariximizə qızıl hərflərlə yazılmışdır. Bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı ilə yanaşı, Prezident İlham Əliyevin müdrik və cəsarətli diplomatiyasının xüsusi əhəmiyyəti vardır. Bu diplomatiya Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin və diplomatik uğurlarının davamı idi.

Oxşar xəbərlər