8 Noyabr-Zəfər günü

8 Noyabr-Zəfər günü
8 noyabr-Zəfər Günü. Həsrətin bitdiyi gün, qalibiyyət günüdür. Qartalın 28 il əvvəl köksündən qopardılmış ürəyinin köksünə qayıtdığı gündür. 28 ildir boynu bükük yol gözləyən Xarıbülbülün başını dik tutduğu gündür.
Azərbaycan xalqı bu günlərdə öz tarixinin ən parlaq səhifələrini yaşamaqdadır. Özünü beynəlxalq aləmdə təsdiq edən, nələrə qadir olduğunu göstərən bu xalq bir daha nümayiş etdirdi ki, onun sarsılmaz birliyi, dəmir yumruğu istənilən azğın düşmənin öhdəsindən qısa müddətdə gəlməyə qadirdir. Bu birlik otuz ilə yaxındır nəinki Azərbaycanın, hətta bütün qonşu xalqların əziyyət çəkdiyi erməni vandalizminə 44 gün ərzində son qoydu. Qısa bir müddətdə öz işğal olunmuş torpaqlarını azad edən müzəffər Azərbaycan Ordusu həm də regionun mənzərəsini dəyişdi, ölkələr arasındakı vəhşi düşmən tərəfindən süni şəkildə yaradılmış maneələri dəf etdi. Həmişə bizim üçün müqəddəs olan üçrəngli bayrağımız bu gün sanki daha çox göz önündədir və ölkəmizin hər guşəsini bəzəyir. Təbii ki, bunun da əsas səbəbi yaşadığımız mühüm tarixi dövrdür. Çünki bu gün hamımız böyük tarixi hadisələrin iştirakçısına və şahidinə çevrilmişik. Bu gün Azərbaycan xalqı öz tapdalanmış hüquqlarını bərpa edir.
Keçən əsrin 90-cı illərində işğal olunmuş ərazilərimizin sülh yolu ilə azad edilməsi uğrunda Azərbaycan dövləti çox mübarizə apardı. Otuz ilə yaxın davam edən bu çalışmaların heç bir nəticə verməməsi hansı yolla olursa-olsun itirilmiş torpaqlarımızı geri qaytarmağı şərtləndirdi. Məhz buna görə də Azərbaycan dövləti öz Ali Baş Komandanının rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də düşmənin yeni təxribatına qarşı əks-hücuma keçməklə torpaqlarımızın yağı düşməndən təmizlənməsi, öz tarixi sakinlərinin bu yerlərə geri dönməsi uğrunda Vətən müharibəsinə başladı. Bu müharibə Azərbaycan xalqının haqq işidir. Biz bu gün tarixboyu dəfələrlə azərbaycanlılara qarşı soyqırım törədən, bizə Xocalı, Xocavənd, bu gün isə Gəncə, Bərdə kimi insanlıq dramları yaşadan erməni vandalları tərəfindən şəhid edilmiş gənclərimizin, vəhşicəsinə qətlə yetirilmiş körpələrimizin, yaşlılarımızın, məzarları dağıdılmış doğmalarımızın, öz yurdundan qaçqın düşmüş günahsız insanlarımızın hüquqlarını müdafiəyə qalxmışıq. Bu gün erməni vəhşiləri tərəfindən dağıdılmış, viran qoyulmuş kəndlərimiz, şəhərlərimiz tarixin ən canlı şahidləridir. Onlar bu ərazilərdə baş verən tarixi hadisələr haqqında bizə hər şeyi deyir. Onların hər biri bu gün canlı bir tarix muzeyidir. İşğal olunmuş ərazilərimizin otuz ili daşı daş üstə qalmayan qədim şəhərlərimizdə, oradakı evlərin qalıqlarında, dağıdılmış məzar daşlarında yaşamaqdadır. Bu gün artıq o illərdəki Azərbaycan dövləti yoxdur. Bu gün öz tarixinin acı səhifələrini silmək, təqvimdəki rayonlarımızın işğal olunduğu tarixi azad olunduğu tarixlə dəyişdirmək üçün uzun illər ciddi hazırlaşmış müstəqil Azərbaycan dövləti var. Bu dövlətin bir gün mütləq torpaqlarımızın azad olunması məqamının yetişəcəyini bilən ağıllı, uzaqgörən rəhbəri həm hərbi, həm iqtisadi, bir sözlə, bütün sahələrdə inkişafı təmin etməklə, Azərbaycan Ordusunu yüksək ixtisaslı kadrlarla, ən müasir silahlarla təchiz edərək bu gün qazandığımız qələbələr üçün möhkəm zəmin hazırlamışdır. Ölkə Prezidentinin dərin tarixi biliyi, mühakimə qabiliyyəti və qətiyyəti düşməni onun qarşısında getdikcə daha çox kiçildir, cılızlaşdırır, alçaldır, acizləşdirir.
Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bu il artıq infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələrinin də icra ediləcəyini bildirmişdi: “Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır”. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurun bərpası hərtərəfli olmaqla kompleks şəkildə həyata keçirilir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir. Bu baxımdan 2022-ci il Qarabağ və Şərqi Zəngəzurun bərpa və quruculuğunda növbəti mühüm mərhələ olacaq.

Sabunçu qəsəbəsi, 215 saylı tam orta məktəbin
Tarix müəllimi Rumiyə Həsənova

Oxşar xəbərlər