“QAFQAZİN XİROSİMA"SINDAN DÜNYAYA MESAJ...

“QAFQAZİN XİROSİMA 30 ildə dağıdılan, viran qoyulan ərazilər yenidən qurulur. Bu torpaqlar əsl sahibinin-Azərbaycanın nəfəsini hiss edir. Şanlı Azərbaycan ordusunun təxminən 30 ildən sonra ayağının dəydiyi yerlər indi yeni görkəm alır. Vəhşi bir qəbilənin izi tozu silinir.
Prezident İlham Əliyevin 2 oktyabr tarixində Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışı bir sıra məqamlarla yadda qaldı. Dövlət başçısı bildirib ki, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunan ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Vətən müharibəsində kaputilyasiya aktına imzalamağa məcbur olan Ermənistan işğal dövründə 1 milyondan çox mina basdırıb. Bu isə genişmiqyaslı bərpa proqramında ciddi problemlər yaradır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər gün artır.İşğaldan azad edilən ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. Onlar əyani şəkildə gördüklərini öz ölkələrinin ictimayyətinə çatdırıb sosial şəbəkə hesablarında paylaşırlar. Dünya indi əvvəlki kimi erməni yalanlarına inanmır.Əvvəlki dövrlərdə erməni diasporasının ciddi dəstəyi ilə bu yalanları yaya bilirdilər. Lakin güclü Azərbaycan, diplomatiyada müdafiə olunmaqdan hücum siyasətinə keçəndən sonra beynəlxalq aləm əsl həqiqətləri öyrənməyə başladı. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə gördülər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Bu yerləri görənlər Ağdama bir neçə ad verdi. “Ruhlar şəhəri” və “Qafqazın Xirosiması”...
Bəli işğal faktı daimi, əbədi olaraq qala bilməzdi. Diplomatik yolla məsələnin həll edilməsi üçün Azərbaycan uzun illər gözlədi. Lakin aparıcı dövlətlər bu məsələdə Ermənistanı qınamadılar. Səssiz qaldılar. Azərbaycan bu dövr ərzində danışıqlara sadıq qaldı. Bununla yanaşı güc topladı. Gücünə güc qatdı. Diplomatiyanın bitdiyi yerdə ordu öz sözünü deməli, BMT qənamələrini icra etməli idi. Elə də oldu. Azərbaycan ordusu Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ münaqişəsini həll etdi. Tarixi torpaqlarımız azadlığına qovuşdu.
Beynəlxalq hüququ heçə sayanlar indi vasitəçilərdən mədət umur. Bu da heç bir nəticə verməyəcək. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, vasitəçilərə ehtiyac yoxdur.10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, rəsmi Bakı Ermənistana sülh təklif edir. Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını Ermənistan düzgün qiymətləndirməlidir. 400 kilometrdən çox olan sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə iş aparılmalıdır. Çünki hər keçən gün Ermənistanın əleyhinə işləyir.
Bütün bunlarla yanaşı işğaldan azad edilən yerlərə artıq Böyük Qayıdış proqramı başlayıb. Zəngilanın Ağalı kəndinə sakinlər köçürülüb. Maksimum iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində bir neçə min insan yaşayacaqdır. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Yolların, Beynəlxalq Hava Limanlarının, dəmir yolu xətlərinin, su elektrik stansiyalarının tikilib istifadəyə verilməsi bu bölgənin hərtərəfli inkişafına öz töhfəsini verəcək.
Qarabağ və Şərqi Zəngəzur zonası ən inkişaf etmiş bir yerə, bölgəyə çevriləcək.

Sabunçu rayonu, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova

Oxşar xəbərlər