Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir

Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir Prezident İlham Əliyev cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış edib. Cənab Prezident qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Təəsüf ki, Ermənistanın hərbi cinayətləri sülh dövründə də davam edir.
Cənab Prezidentin çıxışına daha detallı diqqət etsək görərik ki, silahların səssizliyinə baxmayaraq, münaqişə zonasında hərbi və mülki şəxslər həlak olmağa davam edir. Azərbaycanın nəzarətinə keçən ərazilərdə partlamamış sursatların sayı xüsusi ilə çoxdur. Burada ərazinin minalanması prosesi hələ birinci Qarabağ müharibəsi dövründə aparılıb və iki müharibə aralığındakı dövrdə davam edib. 2016-cı ilin yazında münaqişənin qəflətən gərginləşməsi son illər ərazinin minalanma tempini ancaq artırmış olub. Görünür, Ermənistan tərəfi başa düşüb ki, böyük müharibə qaçılmazdır.
Minalardan təmizlənmə uzun və resurs tələb edən prosesdir. 2020 –cı ilin noyabrında döyüş əməliyyatları bitəndən bu yana Azərbaycanın 27 kvadrat kilometr ərazisi minalardan təmizlənib. Bu kiçik ərazidə gələcəkdə təhlükə yarada biləcək təxminən 40 000 döyüş sursatı tapılıb. Söhbət təxminən 30 ildir erməni silahlı birləşmələri tərəfindən idarə olunan ərazilərdən gedir. Bu illər ərzində demək olar ki, hər qarış torpaq minalanıb.
27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan mina və partlamamış hərbi sursatların ümumi dəyəri 3 milyon dollara çatır. Minatəmizləyənlərin qiymətləndirməsinə görə, təmizlənən və ya gələcəkdə təmizlənməsi planlaşdırılan ərazilərdə təxminən 4,5 milyon mina basdırıla bilər. Mütəxəssislərin hesablamalarından aydın olur ki, Ermənistan tərəfindən basdırılan minaların ümumi dəyəri 340 milyon dollar ola bilər. Yerli miqyasda bu, astronomik məbləğdir. Belə çıxır ki, işğal illərində Ermənistan Azərbaycan ərazilərinin minalanmasına 2020-ci ilin hərbi büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin 10 faizini xərcləyib. Ermənilərdən "miras qalan" mina sahələri, əsasən, Azərbaycanın nəzarəti bərpa etdiyi və bütün bu illər ərzində Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlarda əsas sövdələşmə elementi olan Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ərazisində yerləşir. Bütün bunlar necə bir düşmənlə üz-üzə olduğumuzu göstərir. Kapiyulyasiya aktına imza atmağı ilə heç cürə barışa bilməyən bu cinayətkar dövlət sülh dövründə də vəziyyəti gərginləşdirməyə meyl edir.Lakin xalq olaraq zərrə qədər şübhəmiz yoxdur ki, Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti və əzmi sayəsində bu sınaqlardan da üzüağ çıxacağıq.

Sabunçu rayonu, 68 №-li tam orta məktəbin
Direktor müavini Asiman Paşayev

Oxşar xəbərlər