
Digər tərəfdən isə, Azərbaycan Universal Döyüş Federasiyası belə maraqlı yarış və turnirləri mütəmadi olaraq ölkəmizdə də keçirməklə əlbəyaxa döyüş növlərinin ən yüksək səviyyədə təbliğini də həyata keçirir. Belə möhtəşəm turnirlərdən biri də paytaxt Bakıda 17 iyul tarixində təşkil olunub. Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubunun birgə layihəsi olan bu turnir Peşəkarlar Arasında Reytinq Yarışları xarakteri daşıyıb.
AİA.Az xəbər verir ki, 7 çəki dərəcəsi üzrə keçirilən yarışda 55 kq çəki dərəcəsində Babək Qəmbədov (“Qartal” PİK), 57 kq çəkidə Zəfər Abdulrəhmanov (Xaçmaz, “Əhməd Fight Club”), 60 kq çəkidə Məhəmmədəli Nuruşov (“Qartal” PİK Suraxanı filialı), 65 kq çəkidə Miradəm İbrahimov (Biləsuvar, “Zəfər” idman klubu), 70 kq çəkidə Məhəmməd Məhərrəmov (“Qartal” PİK Golden Ring filialı) bütün rəqiblərinə üstün gələrək qalib olmuşlar. Həmçinin xanım idmançılar arasında 42 kq çəki dərəcəsində Nərmin Orucova (“Golden Ring” Fight Club) yarışın qalibi olmuşdur. Turnirin qalibləri həmçinin növbəti beynəlxalq yarışlarda iştirak etmək hüququ verən lisenziya əldə etmişlər.
Qeyd edək ki, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi və “Qartal” Peşəkar İdman Klubunun prezidenti Yaqub İbrahimovun təşkilatçılığı ilə keçirilən bu yarış “Kəhriz” sularının baş sponsorluğu və “Berg” enerji içkilərinin, “Academy Qalib Hazırlıq Kursları”nın, “Qartal” mühafizə xidmətinin, “Qartal” media-reklam şirkətinin, “Oksigen” klinikasının sponsorluqlari ilə baş tutub.
Universal Döyüş Federasiyasından aldığımız məlumata görə federasiyanın Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubu ilə müştərək layihələri davam edəcək və növbəti belə bir tədbirin artıq iyul ayının 31-də keçiriləcəyi nəzərdə tutulub.







