
Azərbaycan Boks Federasiyasından "Ölkə.Az"-a verilən məlumata görə, 91 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gəlib. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. M.Məcidov 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
O, bununla da 3-cü dəfə dünya çempionu tituluna yiyələnib. DÇ-2011 və DÇ-2013-də mundialın qızıl medalını qazanan boksçumuz növbəti qələbə ilə öz rekordunu da yeniləyib.
Beləliklə, 9 gün davam edən dünya çempionatını Azərbaycan millisi 2 medalla başa vurub. M.Məcidovdan əvvəl Kamran Şahsuvarlı (75 kq) adını mükafatçılar sırasına yazdırıb. Olimpiya mükafatçımız yarışı 3-cü pillədə başa vurub.
Qeyd edək ki, yığmamız Hamburqa 4 boksçu ilə yollanmışdı. Onlardan Lorenzo Sotomayor (64 kq) hakimlərin ədalətsizliyi səbəbindən mundialla vidalaşmışdı.