Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyində həlledici dönüş nöqtəsi oldu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyində həlledici dönüş nöqtəsi oldu Hər bir xalqın tarixində öz müqəddəratını həll etdiyi bir gün var. Bu gün həm də özünütəsdiqdir. Bu gün həm də bir millətin öz dövlətini və müstəqilliyini qorumaq üçün atdığı soyuqqanlı addımın bəhrəsidir. 15 iyun Qurtuluş Günü də məhz Azərbaycan xalqının özünü təsdiq etdiyi bir gündür. Bu günün özəlliyi isə birbaşa əbədiyaşar liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bir çağırışla xalıqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətinin dünya xəritəsində silinmək təhlükəsindən xilas edən ümumilli lider qayıdışı ilə problemlər məngənəsində qıvrılan Azərbaycanı reigonun liderinə çevirdi.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Tarixə nəzər salarkən Heydər Əliyevin necə ağır bir dövrdə hakimiyyətə qayıtdığının şahidi oluruq. O vaxtkı Azərbaycanın durumunu hamımız yaxşı xatırlayırıq. Azərbaycan 1993-cü ilin iyununda sözün əsl mənasında məhv olmaq, parçalanmaq ərəfəsindəydi. 1992-ci ilin may-iyun aylarında zorakı vasitələrlə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün yaratdığı hərcmərclik Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini qazanmış Azərbaycan 1993-cü ilin iyunun 15-nə qədərki müddətdə çoxsaylı dövlət çevrilişləri, böhranlar, xaos və çaxnaşmalarlə qarşılaşmışdı. Daxilimizdəki satqınlar Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar. Həmin vaxt artıq hər kəsin nəzərləri Naxçıvana – böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevə dikildi. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən böyük siyasətə qayıtmasını xahiş etdilər. Azərbaycanın yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas olunacağına heç kim şüphə etmirdi. Heydər Əliyev son ümidlərin yeganə ünvanı idi və buna görə də ölkənin və xalqın bu bəladan qurtulması, dövlətin xilas edilməsi məsələsində oynayacağı rolu da, onun gücünü də hamı aydın dərk edirdi. Nəhayət 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı –alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs”qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərakatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi.Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.
Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altına qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. İnamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənmisinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi tələb deyildi. Bu, artıq dövrün ictimai tələbatına çevrilmişdi. Hətta iş o yerə çıxmışdı ki, AXC-Müsavat təmsilçiləri parlamentin iyunun 15-də keçirilən iclasında Heydər Əliyevdən öz təhlükəsizlikləri üçün təminat istəmişdi. Onları nəinki həm siyasi, həm də fiziki ölümdən məhz Heydər Əliyev xilas etdi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyində həlledici dönüş nöqtəsi oldu. Ümummilli lider hakimiyyətə gələndən sonra ağır vəziyyətdə olan ölkənin qarşısında duran əsas problemlər mərhələli şəkildə həll olunmağa başladı. Gəncədəki gərgin hadisələr dinc yolla nizama salındı. Əlikram Hümbətovun elan etdiyi qondarma “Talış Muğan Respublikası” Heydər Əliyevin xalqa müraciəti və bölgə əhalisinin təzyiqi ilə ləvğ olundu. Ölkənin şimalında fəallaşan “sadval”çıların separatçı hərəkətlərinin və “Car-Balakən Respublikası” (Ləzgistan) yaratmaq cəhdlərinin qarşısı alındı. Müxtəlif şəxslərin və siyasi qruplaşmaların nəzarətində olan silahlı birləşmələr məhv edildi.
Xalqımızın Qurtuluş mübarizəsinə başçılıq edən dahi dövlət xadimi Heydər Əliyevin gecəli-gündüzlü yorulmaz səyləri nəticəsində həm Azərbaycanımızın daxili, həm də xarici siyasətində əsaslı dönüş yaranmışdır. İndi müstəqil dövlətimizi dünyanın hər yerində tanıyırlar. Xalqımızın dahi oğlu Heydər Əliyevə dünyanın böyük siyasət adamları da dərin hörmət bəsləyirlər. Dünyanın bir çox dövlətlərinin paytaxtlarında beynəlxalq təşkilatların binaları qarşısında Üçrəngli dövlət bayrağımız əzəmətlə dalğalanır. Bu bayraq həm də tarixi Azərbaycan torpaqlarında yaşayan həmvətənlərimizin, bütün dünya azərbaycanlılarının həmrəylik və birlik bayrağıdır. 40 milyonluq böyük Azərbaycan xalqı indi bu bayraq altında birləşir. İstiqlal döyüşlərində şəhid olmuş qəhrəman Vətən övladlarının qanı bahasına qazanılmış azadlığımızın, müstəqilliyimizin müqəddəs simvolu olan Üçrəngli, ay-ulduzlu bayrağımız altında!

Sabunçu rayonu, 68 №-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər