Bakıda özünü partladan şəxs qumbaranı haradan əldə edib? - Sabiq polis rəisindən açıqlama

Bakıda özünü partladan şəxs qumbaranı haradan əldə edib? - Sabiq polis rəisindən açıqlama Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Səbayel rayonu, Badamdar qəsəbəsi ərazisində özünü partladaraq öldürən şəxslə bağlı birgə məlumat yayıb. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü Müseyib Ələsgərovun saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Bu zaman əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərov polis əməkdaşlarına tabesizlik göstərib, idarə etdiyi avtomobillə qaçmağa cəhd göstərib. Polisin təqibindən yaxa qurtara bilməyəcəyini anladıqada isə üzərində olan qumbaranı partladıb, nəticədə Müseyib Ələsgərov ölüb. Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, vətəndaşlarda silah-sursat aşkar olunmasına bir neçə kontekstdən yanaşmaq lazımdır: “1-ci Qarabağ müharibəsindən sonra vətəndaşlarda xeyli silah-sursat vardı. O dövrdən ötən müddətdə hüquq-mühafizə orqanları silah-sursatın vətəndaşlardan toplanılması üçün xeyli iş gördü və görməkdədir. Digər tərəfdən, Azərbaycan Qafqaz ölkəsidir, Cənubi Qafqaz milləti kimi odlu silaha, soyuq silaha tarixən meyl güclü olub. Azərbaycanlılar qafqazlı olaraq evdə silah saxlamağa, silahla gəzməyə meyllidirlər. Bundan başqa, SSRİ dağılandan sonra sovet qoşunları Azərbaycanı qeyri-nizamlı şəkildə tərk etdilər. Yəni silahları, hərbi hissələri qanuni şəkildə təhvil verib getmədilər. Bilərəkdən, kortəbii surətdə, silahları səpələyərək ölkəni tərk etdilər. Həmin illərdə müəyyən qisim insanların əlinə silah-sursat keçdi”.

Sabiq rəisin sözlərinə görə, belə hadisələr baş verəndə təəssürat yaranır ki, əhalidə silah-sursat çoxdur. Faktiki isə ötən 10 illə müqayisədə hazırda əhalidə silah-sursat daha azdır: “Polis məlumat alır, cinayətkarı zərərsiləşdirmək üçün tədbir görür. Olur ki, cinayətkar duyuq düşür və qaçmağa, canını qurtarmağa çalışır. Həmin vaxt özünə xəsarət yetirməsi kimi xoşagəlməz halların da baş verməsi təbiidir. Burada qeyri-adi bir şey yoxdur. Silah-sursatın əhalidə olmasının əsas səbəbi, qeyd etdiyim kimi, 1-ci Qarabağ müharibəsi dönəmindən Ermənistanla müharibə şəraitində olmağımızdır. O dövrdə baş verənlər sərhəd bölgələrində yerləşən rayonlarımızın əhalisinin silahlanmasına səbəb olmuşdu. O günlərdə Müdafiə Nazirliyi yox idi, müstəqil özünümüdafiə batalyonları vardı. İnsanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə etmişdilər. Atəşkəs əldə ediləndən sonra həmin rayonların sakinləri Bakı şəhərinə və digər rayonlara köç etdilər. Aydın məsələdir ki, sərhəd bölgəsindən ölkənin içərilərinə gələn əhali özü ilə silahlarını da gətirib. Zaman-zaman, son 25 ildə vətəndaşlardan xeyli silah-sursat götürülüb. İnsanlar da baxır ki, silah ona o qədər də lazım deyil. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də olub. Həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir əldə qalanda, yazılmamış qanundur, mütləq qaydada, haradasa, kiməsə qarşı istifadə edilməli, açılmalıdır. Tarixən belədir. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var. Belə silahları da sahə müvəkkilləri, əməliyyatçılar aşkarlayıb rəsmiləşdirirlər”.

Oxşar xəbərlər