Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosasiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, assosasiyanın sədri Təmraz Tağıyev və idarə heyətinin üzvləri iştirak edib. Assosasiyanın İdarə Heyətinin iclasında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin yeni tərkibinin təsdiqi və Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi barədə məsələlər müzakirə edilib. Bildirilib ki, bələdiyyələrin fəaliyyətinin səmərəli təşkili üçün yerli büdcənin lazımi səviyyədə formalaşdırılması, yerli vergi və ödəniş ödəyicilərinin, habelə vergitutma və ödəniş tətbiq edilən obyektlərin uçotunun düzgün aparılması, bununla da bələdiyyələrin maliyyə-iqtisadi potensialının əsaslarının gücləndirilməsi prioritet məsələdir. Müzakirələrdən sonra İdarə Heyətində yerli vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi proqramının bütün bələdiyyələrdə tətbiqi, həmçinin bununla bağlı regional seminarların keçirilməsinə dair qərar qəbul edilib.